BDU-nun tələbələrinə yemək kuponu həftəlik veriləcək - Amma hər gün...

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin qərarı ilə aztəminatlı və valideylərini itirmiş tələbələrə dəstək çərçivəsində onların hər birinə gündəlik dəyəri olan 3 manat olan yemək kuponları verilib.

Rektorun qərarı tələbələr arasında müsbət qarşılanıb. Amma sual doğuran məqam odur ki, kupon verilən tələbələr necə seçiləcək? 

Təhsil eksperti Kamran Əsədov Sherg.az-a deyib ki, ilk əvvəl bu addımı müsbət qiymətləndirir. Ekspertin sözlərinə görə tələbələrin qayğıları ilə maraqlanmaq birbaşa olaraq onların akademik göstəricilərinə də müsbət təsir göstərir:

"Son beş ayda BDU-da çox ciddi dəyişikliklər baş verir. Bunu oradakı bütün müəllimlər, tələbələr təsdiqləyə bilərlər. Belə ki, artıq rektorla ünsiyyət asanlaşıb. Təhsilin keyfiyyəti daha da artıb. Elçin müəllimin son qərarı da bir daha təsdiqləyir ki, o, tələbələrə yüksək diqqət və qayğı göstərir. Tələbələr sadəcə qeydiyyatdan keçib, ad və soyadlarını deməklə onlara yaradılan güzəştdən yararlana bilərlər. Yemək kuponları onlara həftəlik verilir. Hər yemək kuponu gündəlik üç manat dəyərindədir. Bu isə o deməkdir ki, tələbələr universitetin yeməkxanalarında normal nahar edə biləcəklər. Xüsusilə onu qeyd edim ki, Elçin Babayev tələbələrin qidalanmasına həssaslıqla yanaşır. Çalışır ki, tələbələr daha çox sulu yeməklərə üstünlük versinlər ki, həm də sağlam yetişsinlər, müxtəlif mədə-bağırsaq xəstəliklərinə tutulmasınlar. Bütün bu sadaladıqlarım çox təqdirəlayiqdir və təbii ki. Həm də tələbələrə stimul verən, onların akademik göstəricilərinə təsir edən amillərdən biridir”. 

Kənan Novruzov