Müəllimlərin sevmədiyi kurikulum sistemi: Başa düşmədikləri üçün mühakimə edirlər - RƏY

"12 ildir, Azərbaycanda kurikulum adlanan təhsil sistemi mövcuddur və 12 ildir, jurnalistlərdən tutmuş təhsil işçilərinin özlərinə qədər, əksəriyyət bu sistemi tənqid edir". Bu sözləri  deyən filologiya üzrə fəlsəfə doktoru, naşir Rafiq İsmayılov əlavə edib: 

"Hesab edirlər ki, kurikulum  kütləvi savadsızlıq yaradır, qərb təfəkkürünün məhsulu olan bu sistem bizə yaramır, diaqnostik, formativ, summativ qiymətləndirmələri və formal hesabatları ilə müəllimlərin vaxtını alır, təhsilə vaxt qalmır. Təhsil sistemini daha dərindən analiz edən təhsil işçiləri, ekspertlər və bəzi təhsil məmurları isə gileylənirlər ki, kurikulum sənədində çatışmazlıqlar çoxdur; bu sənəd təftiş olunmalı və təkmilləşdirilməlidir,  bu sistemi  təhsildə tətbiq etməmişdən əvvəl müəllimləri bu sistemə ciddi şəkildə hazırlamaq lazımdır.
Milli natamamamlıq kompleksindən uzaq olub bir şeyi etiraf etməliyik: biz təhsildə həmişə gecikirik. Qərb bilikli insan yetişdirəndə biz ideoloji beyinlər formalaşdırırdıq. Qərb məntiqi, tənqidi təfəkkürü inkişaf etdirəndə biz biliyimizi artırmaq üçün yollar axtarırdıq. İndi dünya, təhsili yaradıcı təfəkkürə yönəlik qurur, biz isə hələ bilmirik, kurikulumla nə edək".



Ekspert: “Bunu daha başadüşülən şəkildə yazıb, mahiyyətini düzgün açıqlasalar, müəllimlər bu, qədər başağrısı yaşamazdı”


Kurikulum ilk dəfə müəllimlər üçün yazıldığını vurğulayan R.İsmayılov bu sənədin ən vacib hissəsi məzmun standartları ilə bağlıdır ki, fənn üzrə məzmun necə qurulacaq: 

"Həmçinin qiymətləndirmə mexanizmləri olan hissə anlaşıqlı yazılmadı. Kurikulum qərbdən gələn texnologiya idi deyə, onu  düzgün tərcümə edib müəllimlərə  izah edən olmadı. İllərdir təhsildə bu sistem tətbiq olunsa da, o, sənədi oxumaq indinin özündə də müəllimlərə baş ağrısından başqa bir şey vermir. 12 ildir Azərbaycan dili fənn kurikulumu ilə məşğulam. Mövcud standartlarla necə bir dərslik yazım ki, müəllimlər rahat dərs keçə bilsin, deyə fikir edirəm".
 
R. İsmayılovun sözlərinə görə, kurikulum sənədində o, qədər formal məqamlar var ki, onu tərtib edənlər həmin  hissələri qabartdılar: 

"Kurikulumun mahiyyətini açıqlayası məqamlar isə kölgədə qaldı. Müəllimlər də bu sistemi başa düşmədikləri üçün  mühakimə etdilər. Halbuki kurikulum əvvəlki təhsil sistemi fəlsəfi baxımdan  çox mütərəqqi sistemdir. Bunu daha başadüşülən şəkildə yazıb, mahiyyətini düzgün açıqlasalar, müəllimlər bu, qədər başağrısı yaşamazdı".