Lakin bu onların imtahan nəticələrinə ciddi təsir göstərməyəcək
Azərbaycanda koronavirusa görə 11-ci sinif şagirdləri üçün buraxılış və rezidenturaya qəbul imtahanları təxirə salınıb, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı isə dəyişdirilib.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün aprelin 5-i, 12-i və 19-da keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarının yeni tarixi Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına uyğun müəyyən ediləcək.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, aprel və may aylarında hər hansı bir tətil nəzərdə tutulmasa şagirdləri biri-birinə sıx, yaxın imtahan günləri gözləyir:
"Qeyd edim ki, aprel ayında keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında şagirdlərin 1-ci sinifdən 11-ci sinfə qədər formalaşdırılmış səriştələrinin, bacarıqlarının yoxlanılması nəzərdə tutulur. Tədris dili, riyaziyyat və xarici dil üzrə ən ümumi məqamlarla əlaqəli tapşırıqlar sual kitabçasına daxil edilir. İndiki halda - mart ayının 20-nə, tətilə görə isə 27-nə qədər dərslərin olmaması həmin bacarıqların unudulmasına, yaddan çıxmasına səbəb olmamalıdır. Əgər növbəti tətil vaxtı uzadılması baş verərsə, bu zaman, zənnimcə, imtahan saxlanıla bilər. Eyni zamanda kurikulumun tələbinə görə şagirddə həyatı boyu formalaşdırılan ümumi bacarıqlar: dinləmək, anlamaq, oxumaq, yazmaq, müqayisə etmək, hesablamaq və s. zəruri həyati bacarıqlar yaradılmalıdır və həmin bacarıqlar 10-15 gün ərzində unudula bilməz.
Nəzərə alsaq ki, şagirdlər imtahanda əldə etdikləri nəticələri orta məktəblərdə əldə etmirlər, bunlar həmən bilik və bacarıqlara repetitor yanında, hazırlıq kurslarında yiyələnirlər, o zaman imtahan nəticələrinə ciddi təsiri olacağını düşnmürəm. Əsas odur ki, qeyd etdiyim dərslər, məşğələlər öz axarında davam edir.
Amma artıq DİM tərəfindən mart və aprel ayında bütün imtahanların ləğv edilməsi may və iyun aylarında keçiriləcək imtahanların da vaxtına birbaşa təsir göstərəcək. Bütün imtahanlar azı bir ay tarixini dəyişəcək, lakin bu onların imtahan nəticələrinə ciddi təsir göstərməyəcək.
Çünki Təhsil Nazirliyi bununla bağlı dərslər təşkil edir. 11 martdan etibarən saat 10:00-dan 16:00-dək Azərbaycan Televiziyasının Mədəniyyət kanalında video dərslər başlayıb. Əgər şagirdlər dərsləri bu və ya digər səbəbdən ötürsələr, onları Təhsil Nazirliyinin rəsmi səhifəsindən, rəsmi feysbuk səhifəsindən izləyə bilərlər.
Bundan başqa, DİM kifayət qədər abituriyent və şagirdlərə kömək edəcək video materiallar hazırlayıb yutub kanalında yerləşdirib. Yəni şagirdlərin mövzunu mənimsəməsi istiqamətində ciddi problem yoxdur".