Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan imkansız ailələrdən olan tələbələrə təhsil haqqının ödənilməsində güzəştlərin edilməsi təklifi ilə çıxış edib.
"Sherg.az"ın xəbərinə görə, xanım parlamentari bildirib ki, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqının məbləğinin əhalinin, o cümlədən, xüsusi qayğıya daha çox ehtiyacı olan həssas qruplardan olan təbəqələrin real gəlirlərinə müvafiq müəyyən edilməsi təhsilin inkişafına əhəmiyyətli təsir edə bilər:
"Millət vəkili bu məsələyə baxılması istiqamətində müvafiq qurumlara çağırış edib. Kənd rayonlarından birini təmsil edən millət vəkili olaraq bu addımın ailə gəlirləri az olan ailələrin övladlarının ali təhsil ala bilməsi üçün çox böyük önəm daşıdığını vurğulayan Q.Paşayeva bildirib ki, imkansız ailələrdən olan tələbələrə təhsil haqqının ödənilməsində güzəştlərin nəzərdə tutulması çox vacibdir. Bu məsələnin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsində də xüsusi qeyd edildiyini vurğulayan Q.Paşayeva ailə gəlirləri az olan ailələrin övladlarının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla ali təhsil ala bilməsi üçün təhsil kreditlərinin daha da genişlənməsinə böyük ehtiyac var deyib. Təhsil kreditlərinin təhsilin inkişafına müsbət təsirini xüsusi vurğulayan millət vəkili ali məktəblərdə təhsil alan daha çox tələbənin təhsil kreditlərindən yararlana bilməsinin böyük əhəmiyyətini və vacibliyini xüsusi vurğulayıb. Bu məsələ ilə bağlı bir neçə dəfə təkliflərlə çıxış etdiyini vurğulayan Qənirə Paşayeva cənab Prezidentimizin aztəminatlı ailələrin övladlarının ali təhsil ala bilməsi məsələsinə xüsusi diqqətini və qayğısını vurğulayaraq müvafiq qurumları bu məsələlərə baxmağa və həlli imkanlarını nəzərdən keçirməyə çağırıb".