"Bundan sonra da birlikdə qaydalara əməl etməliyik ki, hər şey normala dönsün"
"Pandemiya dövründə görülən doğru addımların nəticəsində ürəkaçan mənzərə müşahidə olunur. Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşüb".
Bu barədə "Sherg.az" a danışan təhsil eksperti Kamran Əsədov dövlət və cəmiyyət-vətəndaş olaraq çətin günlər yaşadığımızı xüsusi qeyd edib. Gərgin və sərt 5 ayı geridə qoyduğumuzu vurğulayan K. Əsədovun sözlərinə görə, yoluxma sayındakı azalma heç kimi arxayınlaşdırmamalıdır:
"Belə bir təcrübə may ayında yaşandı. Böyük yumşalmalar böyük yoluxmalara gətirib çıxardı. Bəli, insanlar iş yerlərini itiriblər, gəlirləri aşağı düşüb, yay aylarında istirahət etməyiblər. Lakin bu fövqəladə hal idi. Allah daha betərindən qorusun!"
Təhsil eksperti hesab edir ki, son günlərin rəqəmləri təhsil müəssisələrinin açılmasına inamı artırır. Ancaq dərslərin başlaması ilə yeni bir yoluxma dalğasının olma ehtimalı da var:
"Ona görə də, dərslər ənənəvi qaydada başlasa da, şagird sıxlığı, müəssisə daxili davranış qaydaları müəyyən olunmalıdır.
Əziz vətəndaşlar, valideyinlər, əgər siz həqiqətən də dərslərin başlamasını, övladlarınızın normal qaydada dərsə getməsini istəyirsinizsə, qaydalara riayət edin. Qoruyucu maskadan istifadə edin, məsafə gözləyin. Zəruri ehtiyac olmadan harasa getməyin.
Biz birlikdə bu günkü xoş rəqəmlərə nail olmuşuq. Bundan sonra da bu davam etməlidir ki, hər şey normala dönsün. Hər zaman qeyd etdiyimiz kimi Biz Birlikdə Güclüyük! "