İtaliya-Azərbaycan universiteti nə vəd edir?


Kamran Əsədov: "Ali təhsil bazarında rəqabət artacaq"

“Planlarımız haqqında sizə bir məsələni də qeyd etmək istəyirəm. Əminəm ki, siz bu barədə bilirsiniz. Lakin bu istiqamətdə işlər gedir. Bu məsələ Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi ilə bağlıdır. Biz artıq yer ayırmışıq. Artıq universitetin yaradılması ilə bağlı məsələ üzərində işlər başlayıb”. 
Prezident İlham Əliyev fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bu sözləri deyib. 

Mövzu ilə bağlı "Şərq"lə fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov bunun olduqca əhəmiyyətli  addım olduğunu qeyd edib:

"Hazırda ölkəmizdə Fransa-Azərbaycan və Koreya-Azərbaycan birgə ali təhsil müəssisələri fəaliyyət göstərir. Ölkəmizdə xarici ölkələrin dünya reytinqli universitetlərinin filiallarının və birgə fəaliyyət göstərən ali təhsil ocaqlarının açılması çox müsbət bir haldır. Çünki Azərbaycan Avropa təhsilinə inteqrasiya edir. 2005-ci ildən ölkəmizdə boloniya təhsil sisteminə keçid edilib. İtaliya universitetlərinin də Azərbaycanda yaradılması olduqca mühüm addımdır. Bu ölkənin  universitetləri dünya reytinqdə olan, müasir dövrün tələblərinə cavab verən, eyni zamanda özünün maddi-texniki bazasının güclü olmasına görə seçilən universitetlərdir".  

K.Əsədov deyir ki, İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi Azərbaycan ali təhsil bazarında rəqabəti artıracaq:

"Azərbaycanda turizm-otelçilik, dizayn-memarlıq ixtisaslarında xarici ölkələrin, xüsusilə İtaliya təhsilinin təcrübəsinə çox böyük ehtiyac var. Ona görə ki,  bu universitetlər qeyd etdiyim istiqamətlər üzrə dünyada çox öndədirlər.  Düşünürəm ki, həmin universitetlərin yaradılması bu sahədə kifayət qədər köməyimizə çatacaq. Sözügedən məsələ Azərbaycan ali təhsil bazarında rəqabət mühitini artıracaq. O cümlədən,  ali təhsil ocaqlarına Avropadan mütəxəssislərin gəlməsinə səbəb olacaqdır". 

Aytac Ali