Uzun müddətdir ki, şagird səsinə həsrət qalan məktəblərdə dərslər 1 fevraldan etibarən qismən bərpa edilib. Fevralın 5-nə olan statistikaya görə yoluxmaların sayında stabillik müşahidə edildiyi zamanda ümumi təhsil müəssisələri üzrə 5 müəllim və məktəbəhazırlıq qrupuna cəlb olunan 1 uşaqda koronavirus infeksiyası (COVİD-19) aşkar olunub. 9 şagird, 2 müəllim, 1 məktəb psixoloqu, 1 laborant, 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib. Bunun qarşısını almaq üçün mütləq əlavə tədbirlər görülməlidir.
Hər bir şagirdin əyani təhsil alması önəmli məsələdir. Lakin pandemiyanı “oyun” zənn edib, onların sağlamlığını riskə atmamalıyıq. Məktəblilərə təhsili in onların sağlamlığını təhlükəyə atmadan verməliyik.
Mövzu ilə bağlı "Sherg.az"a danışan fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı bildirib ki, təhsil müəssisələri vaxtından tez açılıb:
"Onsuz da yoluxma halı müşahidə edilir. Növbəti günlər göstəricilərin necə olacağına kimsə zəmanət vermir. Yoluxmanın göstəriciləri koronavirusa qarşı görəcəyimiz tədbirlərdən asılıdır. Məktəblər, universitetlər açılırsa, məsafə saxlamaq mümkün deyil. İsətəsək də, edə bilmərik.
Uşaqlar, gənclər bir-birilərini uzun müddətdir ki, görmürlər. Əlbəttə, məsafə saxlayıb ünsiyyət qura bilməzlər. İstər-istəməz müəllimlə təmasda olacaqlar. Həmçinin praktik məşğələləri, mühazirələri var".
Ş.Namazlı vurğulayıb ki, müəllimlərdə peyvənd olunma məsələsi bitdikdən sonra işə başlasaydılar, daha məqsədəuyğun olardı:
"İbtidai siniflərdə yoluxma varsa, uşaq orada yoluxub demək deyil. Yəqin ki, şagirddə virus olub, sonra digərləri yoluxub. İlk gündən deyirəm ki, fevral ayını gözləməli idik. Bu xəstəliyin ayrı əlacı yoxdur.
Bütün dünya ölkələrinin mütəxəssisləri qabaqlayıcı tədbirlərdən başqa çarə deyə bilmirlər. Sabah bizi nə gözlədiyini bilmirik. Səbr edib gözləməliydik”.