Məhdudiyyət yoxdur! - “Hər bir məktəb özünün uniformasını müəyyənləşdirə bilər”

Məktəblilər üçün Avropa ölkələrini nümunə götürərək yeni məktəbli formaları hazırlanıb.Yeni formaların öncəliklərlə müqayisədə daha yüngül və rahat olduğu bildirilir. Bu məktəblərdə vahid məktəbli geyimi mövzusunu gündəmə gətirir.  Məktəbli formaları nə üçün dəyişdirilir? Onların dəyişdirilməsində hansı meyar əsas götürülür? Hazırda könüllü təklif edilən bu formalar sonradan məcburi ola bilərmi? 

Bu suallara aydınlıq gətirən təhsil üzrə ekspert Kamran Əsədov “Sherg.az”a bildirib ki , 2011-ci ildə qəbul edilmiş " Orta ümumtəhsil məktəblərinin nizamnaməsi" nə görə ümumtəhsil məktəblərində vahidliyin, sosial bərabərliyin təmin edilməsi üçün məktəblərdə formalardan istifadə zəruri tələb olaraq ortaya qoyulub. Hesab edirəm ki, bu, çox doğru bir addımdır. Çünki insanlar biri digərindən sosial vəziyyətinə görə görünüş olaraq fərqlənməməlidir.

 Bəzi hallarda məktəblərdə şagirdlərin fərqli  geyimləri onların digər yoldaşlarının diqqətini yayındırır. Buna görə formalardan istifadə çox müsbət haldır. Uzun illərdir ki, istər Bakı istərsə də regionlarda vahid məktəbli geyimlərindən istifadə olunur”

Ekspert vurğulayıb ki, nizamnaməyə görə hər bir məktəb özünün məktəbli formasını müəyyənləşdirə bilər:

“Burada hər hansı ciddi məhdudiyyət yoxdur.  İndi əsas dəyişiklik yeni dizayn formaları ilə bağlıdır. On ildir ki, ümumtəhsil məktəbləri eyni dizayndan istifadə edir. 

Məktəblər  özləri istədikləri halda yeni dizaynlı formaları tətbiq edə bilərlər. Bu istiqamətdə heç bir məcburiyyət yoxdur. Proses tam könüllülük əsasındadır”. 

Qeyd edək ki, məktəbli geyimi ilə bağlı qanunvericilik Böyük Britaniyada qüvvəyə minib. Bu qanuna əsasən tərtib olunan forma ilk dəfə 1552-ci ildə “Christ’s Hospital” adlı özəl məktəbdə tətbiq olunub. 

Hazırda dünyanın bir çox ölkəsində müxtəlif tərzdə vahid məktəbli geyimlərindən istifadə olunur.