Tələbələrə şad xəbər!

Vahid tələbə kartı ilə müəyyən endirimlərdən faydalana biləcəklər
 
İqtisadçı: “Ümid edirəm yeni tədris ilinə qədər 220 mindən çox tələbə üçün əlçatan olan və böyük üstünlüklər vəd edən tələbə kartının təqdimatının şahidi olacağıq”
 
 
 Yeni tədris ili üçün vahid tələbə kartı ilə bağlı ali təhsil müəssisələri ilə müzakirələr aparmışıq və müəyyən razılıqlara gəlmişik.
Bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyinin yanında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.
O bildirib ki, həmin kart vasitəsilə tələbələr müəyyən endirimlərdən faydalana biləcəklər: "Vahid tələbə kartının yaradılması qonşu Türkiyə və Rusiyadakı təcrübəyə əsaslanır. Xaricdə tələbə kartı tələbələrə ictimai nəqliyyat, muzeylərdə güzəştlər təqdim edir".
Qeyd edək ki, tələbə kartı vasitəsilə tələbələr istər ictimai nəqliyyatda, istərsə də restoran, geyim, kitab evləri, tibb müəssisələri və s. kimi yerlərdə güzəştlər əldə edəcəklər.
 
İqtisadçı-ekspert Fuad İbrahimli isə “Sherg.az”a açıqlamasında deyib ki, vahid tələbə kartı Azərbaycanın etdiyi yenilik deyil.  Dünyanın inkişaf etmiş bütün, inkişaf etməkdə olan bəzi  ölkələrində bu təcrübədən geniş istifadə olunur:

 “Tələbələrin ictimai həyatdakı fəaliyyətlərini stimullaşdırmaq  üçün bu cür proqramlardan istifadə edilir.  Ümid edirəm yeni tədris ilinə qədər 220 mindən çox tələbə üçün əlçatan olan və tələbələrimizə böyük üstünlüklər vəd edən tələbə kartının təqdimatının şahidi olacağıq. Kartın bank ödənişləri, geniş yayılmış şəbəkələrdə endirimlər, nəqliyyat, kitabxana, muzey və qalereyalara girişdə güzəştlər və bir sıra digər imkanlar nəzərdə tutulduğu deyilir. Dünya praktikasında turizm sektorunda da tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Müasir dövrün tələblərinə, tələbələrin sosial həyatına  uyğun olaraq nəzərdə tutulan güzəştlərin əhatəsini genişləndirmək olar”.