"Dünya yeni bilgilər istəyir"

Kamran Əsədov: "Azərbaycanda bir sıra fənlər köhnəlib, fənlərin verdiyi informasiyalar da. Ona görə də mütləq şəkildə onlar yenilənməlidir"


"Təhsil sisteminin kökündə duran məsələ dəyərlərin ötürülməsidir. Böyüklər tərəfindən həddən çox gözləntilərin olması ilə razıyam". Bunu Təhsil naziri Emin Əmrullayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, valideynlər onların getdiyi məktəblə uşaqların getdiyi məktəblər arasında fərqlərin olduğunu qəbul etməlidirlər: "Biz az sual veririk ki, uşaqlar nə istəyirlər. Ən vacib sual isə budur ki, 20-30 ildən sonra uşaqlara nə lazımdır. Fənn bilikləri ilə bağlı deyə bilərəm ki, fənlərin ayrı-ayrı tədrisi köhnəlib. Biz üzləşdiyimiz problemləri həll etdikdə kompleks düşünür, həyat təcrübəsini tətbiq edirik. Odur ki, biz müasir təhsildən danışırıqsa, metodik olaraq fənn bazasından layihə əsasında öyrənməyə keçməliyik. Artıq 190 mindən artıq uşaq rəqəmsal layihələrə qoşulub. Ümumiləşdirsək, təhsil sahəsində rəqəmsal və yeni müasir tədris metodlarından istifadəyə önəm verməliyik. Çünki həyat təcrübəsində fənlərin öyrətdiyi bacarıqların istifadəsi lazımdır".

Nazir həmçinin qeyd edib ki, təhsil elə bir sahədir ki, burada hər rəyi nəzərə almaq mümkünsüzdür: "İstər dərs yükü, istər tədrisin məzmunu öz-özlüyündə kifayət qədər dərin mövzudur".

Təhsil nazirinin məktəb reformaları ilə bağlı fikirlərinə münasibət bildirən təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd edib ki, hazırda Azərbaycan təhsil sisteminin inteqrasiyası istiqamətində böyük işlər görülüb və uğurlar əldə edilib. Ekspertin sözlərinə görə, xüsusən Azərbaycanın orta məktəb şagirdlərinin beynəlxalq olimpiadada əldə etdiyi uğurlar, medallar kifayət qədər ölkə təhsil sisteminin artıq müasirləşdiyini göstərir: 

“Eyni zamanda biz müasir vərdişlərin Azərbaycanda tətbiq edilməsinin şahidiyik. Təbii ki, bu, ciddi uğurdur. Azərbaycan beynəlxalq qiymətləndirmələrdə kifayət qədər öndədir və biz bunun fonunda baxarıq ki, orta ümumtəhsil məktəblərimizdə istifadə edilən dərsliklərdə o qədər də ciddi bir dəyişiklik yoxdur. 

 Hələ də 2001-ci illə 2021-ci il arasında eyni fənləri tədris edirik. Bir çox hallarda texniki və təbiət fənlərində o qədər də ciddi dəyişiklik yoxdur. Bu, təbii ki, narahat olunmalı bir məqamdır.

Biz müasir dövrün tələblərinə uyğun olaraq, əmək bazarının çağırışlarına, eyni zamanda elmi-texnoloji yeniliklərə uyğun olaraq yeni fənləri daxil etməliyik, eyni zamanda da standartların dəyişilməsinə ehtiyac var. Təbii ki, dünya dəyişir. Təkcə 20 il ərzində texnologiya, elmi yanaşmalarda biz dünyada 180 dərəcə dəyişkənliyi müşahidə edirik. Ancaq bunun fonunda Azərbaycan məktəbində eyni fənlər, eyni dərsliklər, eyni yanaşmalar tətbiq olunur. Biz eyni şeyi öyrədib fərqli nəticələr əldə etmək istəyirik. Bu, mümkün deyil”. 

Ekspert hesab edir ki, yanaşmalarda da dəyişikliyə ehtiyac var: 

“Ümumillikdə fənlər və məktəbin rolunu müəyyən qədər fərdi öyrənməyə cəlb etməliyik. Yəni heç də şagird saatlarla sinifdə oturmaqla öyrənməyə cəlb edilməməlidir. Elə bir tədris sistemini təşkil etməliyik ki, şagirdlər evdə, yaxud da yolda gedərkən də öyrənsinlər.

 Əllərindəki alətlərdən belə informasiya məqsədli, öyrəncilik funksiyasını yerinə yetirən konpitensiyalar formalaşdırmalıyıq. 

Əslində, biz texniki və təbiət fənlərini birləşdirə bilərik. Yəni vahid dərslik də ola bilər. Türkiyə təhsil sistemində bu tətbiq olunur. Ona görə mən də razıyam ki, Azərbaycanda bir sıra fənlər köhnəlib, fənlərin verdiyi informasiyalar da. 

Ona görə də mütləq şəkildə onlar yenilənməlidir. Çünki dünya yeni bilgilər istəyir”.