"Şagirdlərin məktəbə telefonla gəlməsinin qarşısını tam almışıq"



Cənub bölgəsinin ən gənc məktəb direktoru "Şərq"ə maraqlı açıqlamalar verib

"Təhsil işçiləri olaraq şagirdlərin internetdən istifadə etməsinə qarşı deyilik. Müasir dövrün şagirdi internetdən araşdırma etməli, elmin, təhsilin yeniliklərindən agah olmalı, öz üzərində işləməlidir. Lakin çox zaman bunun əksi ilə qarşılaşırıq"


34 yaşı var, 26 yaşından Astarada Burzubənd kənd tam orta məktəb direktoru olaraq fəaliyyət göstərir. Yaşadığı bölgədə ən gənc məktəb direktoru kimi tarixə düşüb. Eyni zamanda vəzifəsini ləqayətlə yerinə yetirməyi və ixtisaslı kadrlar yetişdirməyi qarşısına əsas meyar qoyub. Cənub bölgəsinin ən gənc məktəb direktoru Turan Rəfiyev “Şərq”ə müsahibə verib. 
 
- Gənc məktəb direktoru olaraq təhsilin inkişafı üçün hansı tədbirləri həyata keçirmisiz, hansı çətinliklər var  və gələcəkdə bu sahədə nə etməyi düşünürsünüz? 

- Gənc  məktəb rəhbəri və təhsil işçisi olaraq məqsədimiz gələcəyimiz üçün ixtisaslı kadr, vətənpərvər şəxsiyyət yetişdirməkdir. Ona görə də çalışırıq ki, hər şeydən əvvəl şagirdlərə mükəmməl təhsil verək. Bununla yanaşı şagirdləri müasir dövrün tələblərinə uyğun yetişdirməyə çalışırıq. Əlimizdən gəldiyi qədər şagirdlərə texnoloji biliklər verir, onların kamil yetişməsinə səy göstəririk. Onların bu sahadə bacarıqlarının artırılmasına cəhd edirik. Eyni zamanda məktəb kollektivi olaraq zəif şagirdlərlə əlavə dərslər təşkil edirik. Məktəb olaraq əsas məqsədlərimizdən biri hər il ali məktəbə qəbul olan şagirdlərin sayını və  nəticələrini yüksəltməkdir. Bunu da əminliklə deyə bilərəm ki, nail olmuşuq. Bundan əlavə Təhsil Nazirliyinin verdiyi “Grand layihələr” üzərində işləməyə başlamışıq. Gələcəkdə “Grand layihələr”in qalibi olmağı düşünürük. 

- Demək olar ki, əksər şagirdlərin üzərində telefon var. Hətta onların adına sosial şəbəkələrdə hesablar da var. Bu məsələylə bağlı fikirləriniz necədir? 

- Hazırda məktəb rəhbəri olaraq yaşadığımız əsas problemlərdən biri şagirdlərin sosial şəbəkələrə, internet oyunlarına marağının çox olmasıdır. Təhsil işçiləri olaraq şagirdlərin internetdən istifadə etməsinə qarşı deyilik. Müasir dövrün şagirdi internetdən araşdırma etməli, elmin, təhsilin yeniliklərindən agah olmalı, öz üzərində işləməlidir. Lakin çox zaman bunun əksi ilə qarşılaşırıq. Şagirdlər sosial şəbəkədən istifadə edir, gününün əksər hissəsini televiziya qarşısında internet oyunları ilə keçirir. Məyusedici amillərdən biri də odur ki, bu cür mənfi hallara valideynlər şərait yaradır. Ata, ana sosial şəbəkədə rahat vaxt keçirmək üçün bir telefon da uşağa verir. Bəzi valideynlər uşaqları ilə vaxt keçirmir, dərsləri ilə maraqlanmır. Bunun qarşısını almaq üçün məktəb olaraq mütəmadi valideyn iclasları keçirir və bu cür məsələləri əsas müzakirə obyektinə çeviririk. Şagirdlərin sadəcə dərsə maraq göstərməsi üçün həm rəhbər, həm müəllim, həm psixoloq olaraq məktəbimizdə kompleks şəkildə işlər görürük. Valideynləri valideynlər iclasında maarifləndiririk, onlara müəyyən istiqamətlər veririk.  Bunu da  qeyd edim ki, məktəbə şagirdlərin telefonla gəlməsinin qarşısını tam almışıq.

- Cənub bölgəsində qızların təhsilə cəlbi hansı səviyyədədir? 

- Desəm ki, hazırda təhsilimizdə heç bir problem yoxdur, yalan danışmış olaram. Azərbaycan müstəqillik əldə etdiyi dövrdən ölkənin təhsil sistemində problem olub. Amma bu problemlərin miqyası zaman keçdikcə kiçilməyə başlayıb, indi erkən nikahların qarşısının alınması ilə bağlı xeyli işlər görülüb. Məktəbimizdə hər il "erkən nikaha son" adı altında silsilə tədbirlər keçiririk. Fəsadları haqda məktəbin müəllimləri, psixoloqlar, hətta dəvət etdiyimiz həkimlər də fikirlərini bildirməklə bu problemi həll etməyə birgə çalışırıq. Erkən nikahla bağlı şagirdləri və hətta valideynləri belə valideynlər iclasında təlimatlandırmaq çox nəticə verib. Cənub bölgəsi artıq erkən nikahla tanınmır. Ucqar dağ kəndlərindən artıq çoxlu məzun qızlarımız müxtəlif ali təhsil ocaqlarına daxil olub və təhsilini davam etdirir. Hər il məktəbimizdən ali və orta ixtisas məktəblərinə daxil olan qızların sayı artır. Cari tədris ilində 20 məzundan 10 qız şagirdimiz idi, həmin şagirdlərdən  ikisi ali, 4-ü orta ixtisas müəssisələrinə qəbul olunub.

- Azərbaycanın bir ildə əldə etdiyi Zəfər tarixi, dərsliklərdə, xüsusən də tarix dərslərinin dəyişməsində nə kimi rol oynayacaq? 

 - Növbəti ildən məktəblərdə “Qarabağ tarixi” fənninin adı “Qarabağın zəfər tarixi” adı altında IX sinif şagirdlərinə tədris olunacağı deyilir. Burada əsas məqsəd Qarabağ tarixini, müstəqilliyimizin ilk illərində onu niyə itirdiyimiz, uzunmüddətli danışıqlar prosesi, ən vacibi Azərbaycanın qazandığı zəfərin gənc nəslə çatdırılmasıdır. Bildiyim qədər, artıq bununla bağlı müəyyən addımlar atılıb və eyniadlı dərsliyin layihəsi hazırlanaraq hələ may ayından ekspertlərə təqdim olunub, müvafiq düzəliş və təkliflər müəlliflər qrupuna təqdim olunub. Bu dərsi də əvvəllərdə olduğu kimi tarix müəllimləri tədris edəcəklər ki, burada məqsəd şagirdlərə Vətən müharibəsi ilə bağlı ümumi mənzərəni göstərməkdir. Nəzərə alsaq ki, bu gün təlim-tərbiyə verdiyimiz yeniyetmə və gənclər sabahın Vətən müdafiəçiləridir, əminlik hissi ilə qeyd etmək olar ki, yeni nəslin vətənə sevgi, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm şərtlərdən biri kimi təhsilimizin qarşısında duran əsas vəzifədir. Ali Baş Komandanın 44 günlük Vətən müharibəsinin, şanlı qələbəmizin ali və orta məktəb proqramlarında, tarix dərsliklərində əks etdirilməsi ilə bağlı göstərişlərinin icrası istiqamətində artıq addımlar atılır. Bilirsiniz ki, əvvəllər VII və VIII siniflərdə Qarabağ tarixi adlı fakültativ dərslər keçirilirdi. İndi artıq gələn tədris ilindən IX siniflər üçün Qarabağın zəfər tarixi adlı fənn keçiləcək. “Qarabağ tarixi” fənni artıq Qarabağın zəfər tarixi fənni ilə əvəzlənəcək. Biz Qarabağ müharibəsində şanlı zəfər qazanmışıq, torpaqlarımızı azad etmişik. Bu, dərsliklərdə olsa da, olmasa da biz hər dərs bunu şagirdlərə tədris edirik və edəcəyik də.