Azərbaycanda Tələbə Krediti Fondunun yaradılması inqilabi hadisədir
"Fondun şərtləri və prosedur qaydaları bir çox ölkələrlə müqayisədə kifayət qədər əlçatan və aşağı faizlidir"
Dünən Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransı keçirib. O, ali təhsil müəssisələri üzrə ödənilmiş təhsil tələbə krediti məbləğləri üzrə göstəriciləri açıqlayıb. Ən çox kredit 206500 manat olmaqla Azərbaycan Dövlət İqtisad Universitetinə verilib. Universitetin 229 tələbəsi kredit alıb. A.Paşayevin sözlərinə görə, yekunlaşdırılmış müraciətlərin 2485-i bakalavriat, 363-ü isə magistratura üzrə olub. Tam orta təhsil bazasından orta ixtisas təhsili üzrə 33, ümumi orta təhsil bazasından orta ixtisas təhsili üzrə 18 olub.
İcraçı direktor eyni zamanda 47 ailədən 94 tələbəyə sosial, 50 ailədən 101 tələbəyə isə standart təhsil tələbə krediti verildiyini qeyd edib: “Ümumilikdə 97 ailədən 195 tələbə kredit alıb. Eyni ailədən 3 tələbə olan ailə sayı 1, 2 tələbə olan ailə sayı isə 96-dır”.
Ən çox təhsil krediti alanların IV kurs tələbələri olduğunu vurğulayan A.Paşayev onların 916 nəfər olduğunu deyib. Ən azı isə VI kurs tələbələridir ki, bunlar da 8 nəfərdir: “Azərbaycan bölməsi üzrə təhsil alan 2638 təhsil tələbə krediti alıb. Onun sözlərinə görə, rus bölməsi üzrə 136, ingilis bölməsi üzrə 125 tələbə təhsil tələbə krediti alıb.
İcraçı direktor payız semestri üzrə təhsil tələbə krediti almaq üçün 5678 nəfərin müraciət etdiyini deyib. Onun sözlərinə görə, müraciətlərin 3590-ı (63 faiz) yekunlaşdırılıb, 2088-i (37 faiz) isə yekunlaşdırılmayıb:
"Yekunlaşdırılmamış müraciətlər üzrə 2088 müraciətə sistem tərəfindən müraciət müddəti bitdiyi üçün imtina verilib. Belə ki, 1461 tələbə sistemə daxil olub, lakin heç bir əməliyyat aparmayıb. 627-si isə tələbə olmayan, kredit almayan və s. şəxs olub. 3590 yekunlaşdırılmış müraciət üzrə 1116 nəfər sosial, 1783 şəxs isə standart təhsil tələbə krediti alıb. 691 müraciətə isə imtina verilib" .
Yaz semestri ərzində 3000-ə yaxın tələbə təhsil krediti üçün müraciət edib 400 nəfərin müraciəti rəsmiləşib.
Sözügedən Fondun fəaliyyətini dəyərləndirən təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında bildirib ki, qısa müddət ərzində Fondun yüzlərlə tələbənin müraciətinə müsbət cavab verməsi təqdirəlayiq haldır:
“Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında öz əksini tapan əsas məsələlərdən biri ali təhsilin əlçatanlığını təmin etmək və təhsilin əhatə dairəsini genişləndirməkdir. 2021-ci də yaradılan Təhsil Tələbə Kredit Fondu da məhz ali təhsil almaq istəyən gənclərə bərabər imkanların yaradılmasına yönəlik bir addımdır. Təhsil Tələbə Kredit Fondunun yaradılmasını Azərbaycan təhsil sistemi üçün inqilabi hadisə hesab edən ekspertin sözlərinə görə, aztəminatlı ailədə böyüyən bir çox abituriyent təhsil haqqı ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olurdu. Bir çoxlarının isə topladığı bal arzuladıqları ixtisasın ödənişli əsaslarla olanına kifayət etdiyindən istəmədikləri ixtisaslarda ödənişsiz oxumaq məcburiyyətində qalırdılar. Son on ildə minlərlə tələbənin təhsil haqqını ödəyə bilmədiyinə görə ali təhsilini yarımçıq saxlamalı olub”.
60-dan artıq ölkədə bu cür kreditlərin verildiyini vurğulayan K.Əsədovun fikrincə, Azərbaycanda tətbiq edilən Təhsil Tələbə Kredit Fondunun şərtləri və prosedur qaydaları bir çox ölkələrlə müqayisədə kifayət qədər əlçatan və aşağı faizlidir: “Dünyanın heç bir ölkəsində tətbiq edilməyən qaydalar Azərbaycanda mövcuddur. TTKF-nin işi sadəcə tələbələrə kredit verməklə bitmir. Fondun əsas tələblərindən biri odur ki, tələbənin akademik göstəriciləri yüksək olsun. Təhsil müddətində müvəffəqiyyət göstəricisi 91 baldan yüksək olan tələbələrə verilən kreditin əsas məbləğindən 50 faiz güzəşt edilir”.