Millət vəkili Etibar Əliyev Milli Məclisin iclasında təklif verib.
O, peşə təhsili alanlara hərbi xidmətə çağırışdan möhlət verilməsini söyləyib.
Deputat bildirib ki, peşə məktəblərində təhsil alan şəxsləri tədris prosesinin ortasında hərbi xidmətə çağırırlar: “Onların böyük bir hissəsi hərbi xidmətdən geri qayıtdıqdan sonra təhsilini davam etdirmirlər.
Təhsil Nazirliyi yanında Peşə Agentliyi yarandıqdan sonra peşə təhsilinin inkişafına müəyyən təkan verdi. Lakin bir müddət sonra durğunluq yarandı. Altı il ərzində Agentliyin 5 direktoru dəyişib. Bu, idarəetmədə ciddi boşluqların yaranmasına səbəb olub. Bu il 11-ci sinifdə olan 92 min 673 şagirddən 23 min 650 nəfər 0-50 arasında bal toplayıb. Ölkədə savadsızlıq tüğyan edir. Fərz edək bu şəxslər peşə məktəbinə üz tutdular, onda orada necə təhsil alacaqlar?” .
Milli Məclisin sədri Sahibə Qafarova deputatın Azərbaycanda savadsızlığın tüğyan etməsinə dair fikri ilə razılaşmayıb. Spikerin qənaətincə, təhsil sahəsində bizim kifayət qədər uğurlarımız var.
Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndinin fikrincə, peşə təhsili istiqamətində mühüm islahatlar keçirilməlidir:
"Son zamanlar bu barədə müvafiq tapşırıqlar verilir. Son tapşırıqlarda onların təqaüd almaları haqda qanun layihəsi təsdiqləndi. Möhlət hüququnun verilməsi vacib şərtlərdəndir. Həmçinin işlə təminat məsələsi də diqqətdə saxlanılmalıdır.
Bəzi ixtisaslar üzrə subbakalavr dərəcəsi verilir, onların ali təhsil müəssisələrinə müsahibə zamanı imtahan vermədən qəbuluna dair razılıq var. Bu bəzi ixtisaslarda yox, bir çoxlarında tətbiq olunmalıdır.
Qardaş ölkə Türkiyə ilə peşə təhsilinə dair müvafiq anlaşmalar var. Orda gerçəkləşən təhsil sisteminin Azərbaycan peşə məktəblərində tətbiqi nəzərdə tutulur".