Şagirdlərin təhsil aldığı məkanda bütün risklər yoxlanmalıdır
Fevralın 8-də Cəlilabad rayonu Ocaqlı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı aşkarlanıb. Bununla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Cəlilabad rayon prokurorluğunun verdiyi məlumata görə, istintaqla “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Cəlilabad Elektrik şəbəkəsinin kənd-1 sahəsi üzrə usta vəzifəsində işləyən Telman Əhmədovun öz xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən H.Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Şərq"ə açıqlamasında bildirib ki, məktəblərin təhlükəsizliyinin təmin edilməsi həssas məsələlərdən biridir:
"Orta məktəblərdə təhsil alan şagirdlərin hər hansı qəzaları, qarşılarına çıxan təhlükəni qiymətləndirə, çıxış yolu axtara biləcək düşüncələri hələ tam formalaşmayıb. Ona görə də mütləq qaydada məktəb rəhbərliyi bütün riskləri önləmək məqsədilə təhlükəsizlik tədbirləri planı hazırlanmalıdır. Bu məktəbin təlimatlandırmasından keçmiş şəxslər gündəlik növbətçilik prinsipi əsasında, yaxud da daxili rejimə nəzarət edən insanlar vasitəsilə həyata keçirilməlidir.
Nəzarət sistemi olmayan məktəb həyətlərində dərs başlamamışdan əvvəl təhlükə riskləri varsa, onlar barədə ilkin məlumatlar olmalıdır. Nəzarətçi işçi məktəb həyətinə, qazanxanaya, elektrik şitlərinin yerləşdiyi otağa, generatorların, su nasoslarının yığıldığı yerlərə, məktəb zirzəmisinə yoxlanış etməlidir. Daha sonra problem olmazsa, şagirdlər məktəbə buraxılmalıdır. Bu yoxlama məqsədli baxış həm məktəbin daxilinə, həm də xaricinə aiddir.
Eləcə də mütəmadi olaraq, dərs vaxtı da nəzarət tədbirləri reallaşdırılmalıdır. Hər hansı bir neqativ hal yoxdursa, növbə təhvil-təslim olunur. Təəssüf ki, baş verən bu kimi analoji hadisələrin gedişatına baxanda bəzən günlərlə elektrik işində nasazlıq olduğu aşkarlanır.
Bu, birmənalı olaraq, yolverilməzdir. Bundan başqa, dərs keçilməyən otaqların qapısı bağlı saxlanılmalıdır. Məktəbin laboratoriyası, informatika, əmək, hərbi otaqları, idman zallarında nəzərə alınmalıdır ki, dəzgahlar, kompüterlər, kimyəvi məhsullar ola bilər.
Bunlar hamısı insanların həyat və sağlamlğı üçün təhlükə riski daşıyır. Ona görə də mütləq bunlara ciddi nəzarət olmalıdır. Nəzarət sistemi bədbəxt hadisənin baş verməməsi, insanların daha az zərərlə qurtulmaları üçündür".