Türkiyə-Azərbaycan birgə universitetləri yaradılır!- “Təhsilimiz üçün uğurlu...”


Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi keçirilib. Təhsil naziri Emin Əmrullayev çıxışı zamanı deyib ki, Türkiyə-Azərbaycan arasında olan dost və qardaş münasibətləri hər sahədə olduğu kimi, təhsil sahəsinə də siraət edir:

"Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bu digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələrdən 5-6 dəfə çoxdur. Son aylar ərzində Türkiyə-Azərbaycan arasında birgə universitetlərin yaradılması sahəsində işlər görmüşük. Bu, təhsil əməkdaşlığı istiqamətinin çox şanlı sahəsi olacaq".

Təhsil üzrə ekspert Elçin Əfəndi "Sherg.az"a açıqlamasında Türkiyə və Azərbaycan universitetləri arasında müvafiq əməkdaşlıqların davam etdirildiyini vurğulayıb:

"Həmçinin son dövrlər Türkiyə-Azərbaycan birgə universitetlərinin yaradılması nəzərdə tutulur. Hətta onlardan biri Qarabağ regional ərazisi üzrə açıla bilər. Birgə ali məktəbin yaradılması Azərbaycan təhsili üçün uğurlu nəticələnəcək. Məlum olduğu kimi, Türkiyə universitetlərinin təhsil sahəsində ümumi reytinqləri yüksəkdir. Eyni zamanda "Yıldız Teknik Üniversitesi", "Cərrahpaşa Üniversitesi" kimi universitetlərin nəticələri beynəlxalq miqyasda kifayət qədər tanınır. Həmin ali təhsil ocaqlarından birinin təcrübəsinin ölkəmizdə tətbiqi, yaxud oradakı professor, müəllim heyətinin müvafiq dərslərə cəlbi, dərslik proqramlarının müştərək reallaşması həm bakalavr, həm də magistr pilləsində mühüm nailiyyətlər verəcək. Hazırda Türkiyə universitetlərində 10 mindən çox azərbaycanlı tələbə təhsil alır".

E.Əfəndi diqqətə çatdırıb ki, həmin öyrəncilər dövlət proqramı vasitəsilə getməyiblər:

"Daha çox atestatla qəbul olunan tələbələrdir. Bu univeristetlərin Azərbaycanda təsis edilməsi perspektivdə həmin tələbələrin sırf ölkəmizdə təhsil almalarına bir imkan yaratmış olar. Nəticə etibarilə onların ödədikləri təhsil haqqı, əldə etdikləri biliklər dövlətimizin inkişafı üçün olduqca əhəmiyyət kəsb edir. Təbii ki, beynəlxalq arenada daha çox tələbatın yarandığı ixtisaslar olacaq. Belə olduğu halda, gənclərimizin daha perspektivli sahələrdə təhsil almaları, həmçinin əmək bazarında ixtisaslı kadrların çoxluğuna təkan verəcək".