Elçin Əfəndi:“Daxili nizam-intizam qaydalarını hər bir tələbə gözləməlidir”
Tibb Univerisitetinin Əsaslı Kitabxanasında tələbələrə bəzi geyim qadağalarının tətbiqi ilə bağlı sosial şəbəkələrdə məlumatlar əks olunub. Kitabxanaya daxil olan şəxslərin şortik və mayka tipli açıq geyimlərdən uzaq olmaları qeyd edilib.
Universitet isə bunun onların daxili nizam-intizam qaydası olduğunu bildirib.
Tələbələrin universitetlərdə sərbəst geyinmələri barədə "Sherg.az"a danışan təhsil üzrə ekspert Elçin Əfəndi qeyd edib ki, hər bir universitetin özünün müəyyən etdiyi qaydalar var:
"Qanunlar içərisində müəyyən tələblər ola bilər. Əlbəttə, əsas prinsip oxuduqları yerin bir təhsil müəssisəsi olduğu nəzərə alınmalıdır. Hər bir vətəndaş qaydalara riayət etməlidir. Universitetlərdə vahid geyim forması ilə bağlı Nazirlər Kabinetinin müvafiq bir göstərişi yoxdur. Ümumiyyətlə, hər kəs istədiyi paltarı geyinməkdə sərbəstdir. Amma nəzərə almalıyıq ki, bu gün geyindiyimiz geyim forması yaxud atdığımız hansısa addım öz hüququmuzun təmin olunması prinsipinə dayanırsa, bu, başqasının da hüquq və azadlığının əlindən alınması ilə nəticələnməməlidir. Eyni zamanda ətrafdakı insanlara diskomfort yaşatmalı deyilik. Əgər universitetin publik hüquqi şəxs və ya muxtariyyət statusu varsa, öz səlahiyyəti çərçivəsində qərarlarını verə bilər".
E.Əfəndi diqqətə çatdırıb ki, daxili nizam-intizam qaydalarını hər bir tələbə gözləməlidir:
"Yəni təhsil ocağıdır deyib, istədiyimiz formanı geyinib, ora gedə bilmərik. Hər bir paltarın geyinilməsinə uyğun yeri var. İnsan ən azından özünə hörmətlə yanaşmalıdır ki, hansı geyimi hara geyinir.
Əgər tələbənin universitet qapısından içəri buraxılıb, auditoriyaya yerləşdirilməsinə göz yumuruqsa, dərsdə oturursa və sonra kitabxanaya girməsinə icazə verilmirsə, bunun özü də normal hal deyil.
Yəni ya birdəfəlik qərar verilib, daxil olmaları əngəllənməlidir, ya da əskinə.
Bu gün Azərbaycanda 103 ali və orta ixtisas təhsil müəssisəsi var. Təxminən 250 minə yaxın tələbə oxuyur. Onların hər birinin ümumi psixologiyaları, baxış bucaqları eyni deyil. Fərqli düşüncəyə sahibdirlər. Bu da onu deməyə əsas verir ki, əksəriyyəti 18 yaşı tamam olmuş şəxsiyyətdir.
Hüquq və azadlıqları var. Tələbələrə belə mövzularda hər hansı qadağa tətbiq edə bilmərik. Bunun özü də doğru yanaşma deyil. Amma fərdlərin şəxsi məsuliyyətlərindən çox şey asılıdır".