NONSENS! - “Son zəng”i çalınmamış şagirdlərin əcəl zəngi çalınır” – DİQQƏT!

Nadir İsrafilov: “Ailəvi gəzintilərə, kollektiv səyahətlərə, özəl turlara start verilir. Bu da xoşa gəlməz fəsadların baş verməsini labüd edir”

“Ən başlıcası isə sükanın peşəkarlara həvalə olunmasına nəzarət gücləndirilməlidir"

Aqil Aslan: “Gəzmək, görmək yaxşı şeydir, amma camaatın uşağını yığıb, uzaq məsafəyə aparmaq doğru deyil. Bunu məktəb etməməlidir"

Ötən gün saat 22:50 radələrində Bakı-Şamaxı yolunun 108-ci kilometrliyində məktəblilərin olduğu avtobus qəzaya uğrayıb. Sürücü Pərviz Quliyevin idarə etdiyi “Mercedes-Benz” markalı avtobus idarəetməni itirib. Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisədə qolu qırılan şagird tur şirkətinin öhdəliyini yerinə yetirməməsi səbəbindən üçüncü dəfə xəstəxana dəyişdirməli olub. Həmçinin məktəblilərin müayinə və müalicəsi üçün lazım olan ödəniş edilməyib. Əsəblərini cilovlaya bilməyən valideynlər isə şirkətin nümayəndəsi ilə əlbəyaxa dava ediblər. 


Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Nadir İsrafilov "Sherg.az"a açıqlamasında bildirib ki, tədris ilinin başa çatması ərəfəsində və son zənglə bağlı tədbirlər çərçivəsində xoşa gəlməz hadisələr bəzən qaçılmaz olur:

"Belə hadisə birinci dəfə deyil, baş verir. Eyni zamanda təkcə bu ilin olayı kimi də xarakteriza oluna bilməz. Həmçinin bu kimi gəzintilərin hər hansı bir qayda və göstərişlərlə qarşısının alınması və ya məhdudlaşdırılması da uğurlu addım effektini verə bilməz. Ona görə də Qəbələ rayonundan istirahətdən gələn şagirdləri daşıyan avtobusun qəzaya uğraması ilə əlaqədar son olay da istisnalıq təşkil etmir. Gəzinti təşəbbüsünü valideynlərin başlatdığı qeyd edilirsə, işin təşkili məsələlərinə dair günahkar axtarmağa lüzum qalmır. Hazırda faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb. Son olaraq, istintaq-əməliyyat tədbirləri məsələyə aydınlıq gətirəcək və hüquqi qiymət verəcək. Hər il “Son zəng” ərəfəsində Təhsil Nazirliyi tədbirin hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, yaxud ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacağı, tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin iştirak edə biləcəyi, “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcəyi barədə müvafiq əmr verir. 

Hətta bu il Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı valideynlərə müraciət edib. Onlara və ya qohumlarına məxsus nəqliyyat vasitələrindən istifadə edərək, əyləncə təşkil etmək məqsədilə avtomobilin onu idarə etmək hüququ olmayan yeniyetməyə könüllü təqdim edilməsindən və ya sahibinin icazəsi olmadan ələ keçirilməsindən asılı olmayaraq, belə hallara yol verilməməsini tövsiyə ediblər. Bununla belə istilərin düşməsi, yay ab-havasının hiss olunması ilə bağlı hələ “Son zəng”i çalınmamış uşaqlarla birlikdə ailəvi gəzintilərə, kollektiv səyahətlərə, özəl turlara start verilir. Bu da xoşa gəlməz fəsadların baş verməsini labüd edir. Nəzərə almaq lazımdır ki, bu il respublika üzrə təkcə XI sinifləri 84 mindən artıq şagird bitirir. Həmin ərəfədə aşağı sinif məktəblilər də gəzintiyə meyilli olurlar. Deməli kompleks təhlükəsizlik tədbirləri həyata keçirilməlidir. Ən başlıcası isə sükanın peşəkarlara həvalə olunmasına nəzarət gücləndirilməlidir".

 "Redaktor.az" saytının baş redaktoru Aqil Aslan da Feysbuk hesabında hadisəyə münasibət bildirib:

"Rəsmilər müəllim və şagirdlərin düşdüyü avtobus qəzası ilə bağlı bildiriblər ki, gəzintiyə valideynlər təşəbbüs göstərib. Mümkündür, bəzən belə valideynlər də olur. Bu günlərdə bizim məktəbdən də belə iqdam olmuşdu, amma müəllim(lər) tərəfindən...

Gəzmək, görmək yaxşı şeydir, amma camaatın uşağını yığıb, uzaq məsafəyə aparmaq doğru deyil. Bunu məktəb etməməlidir".