Dövlət İmtahan Mərkəzi ötən il ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin nəticələri ilə bağlı narahatlıqları "Abituriyent 12" jurnalında qeyd edib. Məlumatda bildirilib ki, test tapşırıqları məktəb proqramı çərçivəsində hazırlanır. Ancaq görünən odur ki, orta statistik məzun məktəb proqramının 42-73 faizini mənimsəmir.
Dövlət İmtahan Mərkəzinin qənaətinə əsasən, buna səbəb məktəblərin böyük qismində tədris prosesinin normal aparılmaması, tələbkarlığın zəifliyi, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasıdır.Təhsil eksperti Elşən Qafarov isə tam fərqli fikirlər səsləndiriv. Ekspert bildirib ki, yaranmış vəziyyətdən çıxış yolu var. Ancaq bunun üçün Dövlət İmtahan Mərkəzindən test hazırlamaq, vəsait buraxmaq və xüsusi proqramla fəaliyyət göstərmək səlahiyyətləri alınmalı və yalnız imtahanları keçirən texniki bir quruma çevrilməlidir. Testologiya mərkəzi və ya institutu yaradılmalıdır ki, sualların tərtibi məsələsinə məhz o qurum nəzarət etməlidir”.
Təklifə münasibət bildirən təhsil eksperti Kamran Əsədov "Sherg.az"a açıqlamasında bildirib ki, DİM öz işini layiqincə yerinə yetirir:
"Azərbaycanda imtahan keçirmək üçün yeganə avadanlıqlar və test bazası DİM-də mövcuddur. Bu qurum 30 ildən çoxdur, şəffaf, obyektiv və əlçatan imtahanlar keçirir.
İştirakçıların bilik və bacarıqları dövlətin təyin etdiyi standartlara uyğun yoxlanılır və heç bir sual orta məktəb kitablarından kənar deyil. İmtahan suallarının başqa qurum tərəfindən hazırlanmasına ehtiyac yoxdur.
Çünki, biz digər qurumlar tərəfindən keçirilən imtəhanlardakı problemləri gördük".