Ruhiyyə Daşsalahlı:“Özümüzün idarə edə bilmədiyimiz övladlarımıza rəhbərlik etmək iqtidarında olan müəllim arayışında olduğumuzu anlaya bilirəm”
Jalə Mütəllimova:"Tədrisdə də milli təhsil ideologiyası olmayanda keyfiyyətsiz nəticə ilə qarşı-qarşıya qalırıq”
Təhsil eksperti Kamran Əsədov Feysbuk hesabında şagird özbaşnalığı ilə bağlı paylaşım edib. Bölüşdüyü videoda şagirdlər müəllimə cavab qaytarır, "söz güləşdirir", qışqırır. Həmçinin məktəbli telefonla danışan müəllimə yaxınlaşıb, telefon danışığını dinləyir. Digər çəkilişdə isə məktəbli boş sinfə daxil olur, partaları qaldırıb, yerə çırpır.
K.Əsədov yazıb:
"Məşhur bir musiqi var, sözləri belədir: Hamamın içində, içində və çölündə...
Bildiyiniz kimi, dünən gecə saatlarında Şamaxı - Bakı yolunda şagirdlərin də olduğu avtobus qəzaya uğrayıb və xəsarət alanlar var.Rəsmilər deyir ki, biz məktəbin çölünə, istirahət günlərinə nəzarət edə bilmərik. Bəli, bu tutaq ki, belədir.
Bəs axı siz heç içinə də nəzarət edə bilmirsiniz. İçində olan vəziyyət avtobus qəzasından daha betərdir".
Məsələ ilə bağlı fikirlərini "Sherg.az"a bölüşən təhsil jurnalisti Ruhiyyə Daşsalahlı bildirib ki, K.Əsədov paylaşdığı videolarda iki nümunə təqdim edib:
"Birində müəllim olan, digərində boş bir sinif. Hər ikisinin də qəhrəmanları uşaqlarımız, gələcəyimizin sahibləridir. Yaşlarını göz önündə saxlasaq, üstünə də müəllimlərə mövcud basqını gəlsək, bu görüntülərdə məktəblə yanaşı, valideynlərin verdiyi tərbiyənin sorğulanmasının tərəfdarıyam. Əks halda, yanaşmamız birtərəfli olacaq. Pəncərələrin şüşələrini sındıran şagird, partalara hücum edən məktəbli, müəllimin önünə içərisində həşəratlar olan qutu qoyan dəcəl uşaq həmişə görmüşük və görəcəyik. Müəllimin əlini itələyən şagird də yeni deyil. Uşağının nadincliyinə görə məktəbə çağrılan valideyn də var. Çünki mövzu əksəriyyəti yeniyetmə yaşlardakı uşaqlardır. Telefon müasir dərsin, cəmiyyətin, ailələrin bir nömrəli problemidir. Daha doğrusu, telefon yox, ondan necə istifadə etməyi bilməməyimiz və uşaqlarımıza öyrətməməyimiz".
R.Daşsalahlı diqqətə çatdırıb ki, hörmətli təhsil ekspertimizdən fərqli olaraq, müəllimləri ittiham etmək, dara çəkməyin əleyhinədir:
"Çünki bu nümunələr, təkcə müəllimin, məktəbin yox, həm də bir ailənin görüntüsüdür. Ümumiyyətlə, belə çəkilişləri paylaşmaq sadəcə cəmiyyətimizin sıxışdırmağa labüd bildiyi müəllim axtarışıdır. Müəllimlər direktorların, şagirdlərin, valideynlərin hədəf taxtasına çevrilib. Yetmirmiş kimi, biz jurnalistlər də təzyiq göstərənlər sırasına qoşulmuşuq. Bununla yanaşı, özümüzün idarə edə bilmədiyimiz övladlarımıza rəhbərlik etmək iqtidarında olan müəllim arayışında olduğumuzu anlaya bilirəm. Ancaq uşaqlarımızı vurmadan, təhqir etmədən idarə edən, dərsə müasir təhsilin tələbləri çərçivəsində yanaşan, müəllimlərin sayının hər zaman az olacağını düşünürəm. Kamran müəllimin nəzarətdən kənar sinif və məktəb kimi təqdim etdiyi belə nümunələr hər zaman olacaq. Lakin məsələn, sertifikasiya başa çatandan sonra K.Əsədovun paylaşmağa video tapmayacağına ümid edirəm".
Jurnalist Jalə Mütəllimova isə qeyd edib ki, cahil və savadsız insanları əldə etmək üçün təhsili zəif salmaq lazımdır:
"Tədrisdə də milli təhsil ideologiyası olmayanda keyfiyyətsiz nəticə ilə qarşı-qarşıya qalırıq. Bu gün Azərbaycanın milli təhsil ideologiyası yoxdur. Bu səbəbdən nəticə də keyfiyyətsiz olur. Orada təhsil alan insanlar, məktəb rəhbərliyi və müəllimlər də əziyyət çəkir. Dövlətimiz 30 illik müstəqillik dönəmində ən böyük maddi və mənəvi gücünü Qarabağın işğaldan azad olunmasına sərf edib. Bu gün də iqtisadi, siyasi əlaqələr son dərəcə güclü qurulub. Bundan sonra Qarabağ məsələsi ilə bağlı ölkəmizin ideoloji kursu, xətti doğruldu. Azərbaycanın qələbəsi, möhkəmlənməsi və güclənməsi ilə yekunlaşdı.
Hazırda Azərbaycan Cənubi Qafqazda lider dövlətdir. Postsovet ölkələri ilə Türkiyənin əlaqələrini quran və Avropa üçün ən böyük tranzit cənubi Qafqaz ölkəsidir. Həmçinin Rusiya üçün vacib strateji müttəfiqdir.
Ancaq paralel şəkildə Türkiyə istisna olmaqla Azərbaycanı istəməyən xeyli sayda güclər var. İndiki mövqeyi və siyasi gücü dövlətimizin bir çox yaxın, uzaq qonşularını narahat edir, maraqlarına cavab vermir. Ona görə də dil, cinsi azlıq faktorunu qabardırlar və milli etnik zəminində məsələlərə hərdən keçidlər olur. Amma real görünən məsələ deyil.
Çünki Əlikram Hümbətov dönəmində Azərbaycan bu məsələni birmənalı şəkildə həll edib".