2021-ci ildə IX sinif şagirdləri arasında yazıb-oxuya bilməyən şagirdlərin sayı 38 nəfər olub. Bununla bağlı məlumat “Abituriyent” jurnalının 12-ci sayında yer alıb. IX sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər yaxud ümumiyyətlə bu istiqamətdə bacarığı olmayanlar aşkar edilib.
Rayonlar üzrə oxuma və yazmağı bilməyən 9-cu sinif şagirdlərinin sayı aşağıdakı kimidir:
Cəlilabad - 5 nəfər, Goranboy və Ucar rayonlarının hərəsində 4 nəfər, Füzuli, Masallı və Tərtər rayonlarının hərəsində 3 nəfər, Lerik və Şəmkir rayonlarının hərəsində 2 nəfər və Ağcabədi, Balakən, Beyləqan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Oğuz, Salyan, Şirvan, Tovuz və Zaqatala rayonlarının hərəsində 1 nəfər.
Mövcud durumla bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, ümumilikdə 38 şagirdin oxuyub, yazma qabiliyyətinin olmaması və həm 9, həm də 11 illik bazada təxminən 50 mindən çox şagirdin 0-50 bal arası nəticə göstərməməsi təhsil adına olduqca aşağı göstəricidir:
"Müasir dövrdə şagirdlərin öz bilik və bacarıqlarını imtahanlarda təqdim edə bilməməsi, oxuma və yazmasının olmaması təhsilin kifayət qədər keyfiyyətsiz olduğunu göstərir. Təbii ki, məsələ barədə Təhsil Nazirliyi (TN) yanında İctimai Şura, Rayon Təhsil Şöbələri, Regional Təhsil İdarələri və s. müvafiq işlər aparmalıdır. Şagirdlərin oxuyub, yazma bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı təməl bilgiləri məktəbəqədər, ibtidai təhsil pilləsində öyrədilməlidir və öyrədilir.
Amma təəssüf ki, hazırda bu "biabırçı" statistikanın şahidi oluruq. Məktəblilərin müəyyən biliklərinin kafiliyi onların növbəti təhsil mərhələsinə keçməyə əngəl olmalıdır. Amma müşahidələrə görə, primitiv yazma, oxumanı bilməyən məktəblilər hansısa rüşvət, tapşırıq əsasında müəyyən təhsil pilləsinə atlaya bilirlər. Bu isə yolverilməz haldır. İndiki zamanda əgər 9-cu sinifdə oxuyan şagird lazımi bacarıqlara sahib deyilsə, deməli, tədris prosesində məktəb rəhbərliyi, müəllim ona formal qiymətlər yazıb. Nəticədə bu gün imtahan verə bilmirlər.
Daha çox 9-cu sinfə qədərki tədris prosesində oxuyan şagirdlərin təhsildən yayınma halları regionlarda mövcuddur. Bunun üçün də müvafiq qurumlar əməli addımlar atmalıdır. İnformasiya texnologiyalarının inkişaf etdiyi dövrdə bu kimi vəziyyətlər arzuolunmazdır".