Bu artıq texniki problem yox, idarəetmə çatışmazlığıdır
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tələbələrinin təqaüdləri 2 aydır ki, ödənilmir. Tələbələr bununla bağlı şikayətlərini dəfələrlə dekanlığa və universitet rəhbərliyinə çatdırsalar da, onların taleyi ilə maraqlanan yoxdur. Bu isə tələbə-idarəetmə münasibətlərində şəffaflığın və məsuliyyətin yetərli səviyyədə olmadığını göstərir. Halbuki, təhsil sistemində sosial ədalətin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Buna baxmayaraq, sosial qruplar arasında maddi baxımdan ən həssas təbəqələrdən biri olan tələbələrin problemləri, diqqətdən kənarda qalıb. Bəziləri təhsil almaq məqsədilə rayonlardan şəhərə gələrək maddi və sosial çətinliklərə rəğmən oxumağı seçirlər. 2 aydır təqaüdünü ala bilməyən tələbə necə yaşasın? Kirayə verən qapını döyür, marketdə borc dəftəri qalınlaşır, nəqliyyat xərcləri isə hər gün artır. Vaxtında ödənilməyən təqaüd kirayə haqqının, qida xərclərinin və digər zəruri ehtiyacların qarşılanmasında problemlərə səbəb olur. Ödənişli əsaslarla təhsil alan tələbələrdən “təhsil haqqı”nın gecikdirilməməsinə görə boğaza yığan dekanlıq, indi niyə gecikən təqaüdlərə görə onları cavabsız qoyur?
Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a bildirib ki, bu tip hallar təkcə maliyyə gecikməsi kimi yox, təhsil mühitində etimadın sarsılması kimi dəyərləndirilməlidir: 
“Çünki təqaüd tələbə üçün sadəcə əlavə gəlir deyil, onun gündəlik həyatını, kirayə, yol, qida kimi ən elementar ehtiyaclarını qarşılayan əsas dayaqlardan biridir. Xüsusilə incəsənət yönümlü ixtisaslarda oxuyan tələbələrin əlavə qazanc imkanları daha məhdud olduğu üçün bu cür gecikmələr birbaşa onların sosial vəziyyətinə təsir edir. İki ay ardıcıl olaraq təqaüdün ödənilməməsi texniki problem çərçivəsindən çıxaraq, maliyyələşmə mexanizmi ilə idarəetmə səviyyəsində ciddi çatışmazlıqların olduğunu göstərir”.
Ekspertin sözlərinə görə narahatedici məqam isə tələbələrin dəfələrlə müraciət etməsinə baxmayaraq, onlara aydın və rəsmi izahın verilməməsidir:
“Müasir idarəetmə anlayışında şəffaflıq və kommunikasiya ən vacib prinsiplərdəndir. Mövcud problem, tələbələrlə açıq şəkildə paylaşılmalı, konkret vaxt çərçivəsi təqdim olunmalıdır. Burada məsuliyyət təkcə ali təhsil müəssisəsinin üzərində qalmır. Təqaüdlərin maliyyələşməsi dövlət büdcəsi və müvafiq qurumlar vasitəsilə həyata keçirildiyi üçün məsələ daha geniş institusional yanaşma tələb edir”.
Ə.Həsənli aidiyyəti qurumları məsələyə laqeyd yanaşmamağa çağırıb:
“Məsul orqanlar, vəziyyəti operativ şəkildə araşdırmalı, gecikmənin səbəblərini ictimaiyyətə açıqlamalı və bu kimi halların təkrarlanmaması üçün sistemli həllər ortaya qoymalıdır. Tələbə müraciətinin cavabsız qalması, təhsil mühitində həm keyfiyyət, həm də idarəetmə mexanizmlərinin effektivliyi ilə bağlı şübhələrin yaranmasına gətirib çıxarır. Gözlənti isə çox sadədir: Tələbə öz haqqı olan təqaüdü vaxtında almalıdır. Əks halda, bu kimi hallar bir universitetin problemi olmaqdan çıxaraq, ümumilikdə ali təhsil sisteminə olan inamı zədələyəcək”.