MÜHÜM TƏKLİF! – “Bağçalarla bağlı ayrıca komitə yaradılsın”

“Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldığı və bütün peşə təhsili vahid sistemə tabe edildiyi kimi bu, bağçalara da şamil edilməlidir"



Təhsil naziri Emin Əmrullayev uşaq bağçalarında valideynlərdən qeyri-qanuni pul alınması məsələsinə münasibət bildirib. Nazir indiki şəraitdə məktəbəqədər təhsil səviyyəsinin (uşaq bağçaları) əksəriyyətinin fəaliyyətinin qənaətbəxş olduğunu diqqətə çatdırıb. E.Əmrullayev qanunsuz pul yığılmasının həm obyektiv, həm də subyektiv səbəbdən baş verdiyini qeyd edib:
"Yəni bu hal heç də həmişə insanlara bağlı məsələ olmur. Bəzi hallarda bağçaların infrastrukturu, onlara verilən avadanlıq və oradakı vəziyyət buna imkan vermir. Bəzi hallarda isə insanlarla, bağçanın rəhbərliyi və s. ilə əlaqəlidir".

Nazir uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra işçilərlə bağlı müvafiq intizam tədbirlərinin görüldüyünə başlanıldığını vurğulayıb. Yaxın həftələrdə ictimaiyyət bununla bağlı məlumatlandırılacağını deyib:

“Proses davam edir. Daha detallı məlumat verə bilmərəm. Ümumtəhsil müəssisələrində pul yığılmasının qarşısının alınması kifayət qədər vaxt tələb edib. Uşaq bağçalarında da oxşar yanaşmalar tətbiq ediləcək. İstənilən halda təhsil müəssisələrində qeyri-qanuni pul yığılmasının əleyhinəyik. Belə hallar aşkarlanarkən hər hansı güzəşt olmadan müəssisə rəhbərləri barədə ciddi intizam tədbirləri görülür”.

Bağçalardakı son vəziyyətlə bağlı "Sherg.az"a danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, son dövrlərdə uşaq bağçalarında qidadan zəhərlənmə halları çoxalıb:

"Əsas səbəb məktəbəqədər təhsil müəssisələrində verilən qidaların köhnə olmasıdır. Bir neçə il ərzində bağçaların İcra Hakimiyyətlərinin (İH) nəzdində olmasından narazılıq çoxalmağa başladı. Məktəbəqədər təhsil səviyyəsinin yerli (İH)-nın tabeliyində olması, onları azı 10 il inkişafdan geri salıb. Azərbaycanda dövlət bağçalarında bir uşağın bir günlük qidalanmasına 5 manat 70 qəpik vəsait ayrılır. Normativə görə, bir körpəyə sutkada 120 qr çörək, 37 qr yarma və bu minvalla digər ərzaq komponentləri verilə bilər. Sözsüz ki, bunun uşaqların normal qidalanması üçün yetərli olması qeyri-mümkündür. Düşünürəm ki, çörək, ət, meyvə, tərəvəz, təbii şirə süd və s. məhsullar üzrə normalar artırılmalıdır. Bundan başqa, menyuda əti əvəz edən, məsələn, lobya, mərci kimi dənli bitkilər də olmalıdır. Həmçinin menyu yeknəsək təşkil edilməməli, ardıcıllıq elə qurulmalıdır ki, uşaqlar lazımi kalorini qəbul edə bilsinlər".

K.Əsədov real vəziyyətə əsasən, hazırda uşaq bağçalarında qidalanmanın tamamilə aşağı səviyyədə olduğunu qeyd edib:
"Bu gün ölkəmizdə 1656 dövlət (939 şəhər, 717 kənd,), 96 qeyri-dövlət (95 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var. Danılmaz faktdır ki, bağçalar körpələrin təlim tərbiyəsində mühüm rol oynayır. Hər yaş dönəminin öz xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları mövcuddur. Uşaqlar o əlamətlərə, standartlara cavab verərək, böyüyür. Dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi onların tətbiqi üçün bir müəssisə lazımdır. Lakin kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünyanın aparıcı dövlətlər ilə müqayisədə çox aşağıdır. Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi bağçalardan gəlir. 

Təəssüf ki, maddi-texniki baza, binalar digər 75 faizin də məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmasına kifayət etmir. Dünya təcrübəsindən Amerikanı götürsək, bağçaların 80 faizi özəldir. Həmin müəssisələrdə olan şərait dövlət hesabındakı bağçalardan daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür. 2011-ci ildə Prezidentin sərəncamı ilə bağçalar Təhsil Nazirliyindən alınıb, İcra Hakimiyyəti orqanlarına verilib. Bundan sonra onların fəaliyyəti diqqətdən kənarda qalıb. Ancaq ölkəmizdə bu sahəyə kifayət qədər vəsait ayrılsa, özəl bağçaların şəbəkəsi genişləndirilməlidir. Pərakəndə şəkildə olmamalıdır. Həmçinin iş adamları özəlləşdirmək istədikləri bağçaları standartlara uyğunlaşdırmalıdırlar. Bəzi vaxtlar xüsusiləşdirilən müəssisələr məktəbəqədər kimi də fəaliyyət göstərmir. Doğrudur, son illərdə ölkədə bağçalar dünya standarlarına yaxınlaşıb. Lakin normativlər - məktəbəqədər təhsil səviyyəsinin quruluşu, işləmə metodu, idarəedilməsi baxımından isə hələ dünya standartlarına cavab vermir. Bizim bağçaların quruluşu ilə bağlı göstəricilər sovet dönəminin qaydalarına müvafiq yaradılıb. Bu gün də onlar tətbiq olunur. Bu isə hazırki reallıqlara vəhdət təşkil etmir. Məsələn, məktəbəqədər təhsil müəssisələrinin otaqlarının sahəsi ilə bağlı göstəricilər mövcuddur. Tədris otağı 20, uşaq otağı isə 50 kvadratmetr olmalıdır".

Ekspert vurğulayıb ki, özəl müəssisələr istər qidalanma, istərsə də tədris baxımından dövlət bağçaları ilə müqayisədə yaxşı təşkil olunub:

"Çalışan işçilər orada təhsil alan övladlara daha həssas yanaşırlar. Lakin özəl məktəbəqədər təhsil səviyyəsi müstəqil kommersiya fəaliyyəti həyata keçirdiyi üçün hansısa təhsil qurumu onun işinə müdaxilə edə bilməz. Qanunvericilik yalnız onların təhlükəsizlik, vergi, sanitar qaydalara riayət etməsini yoxlaya bilir. Əfsuslar olsun ki, heç bir qurum bağçalarla bağlı monitorinq aparmır. 2021-ci ildə məktəbəqədər təhsil müəssiələri yenidən Təhsil Nazirliyinə qaytarılıb. Amma düşünürəm ki, bu qədər geniş bir kollektiv şöbədə birləşməməlidir. Ayrıca bir komitə yaradılmalıdır. Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldığı və bütün peşə təhsili vahid sistemə tabe edildiyi kimi bu, bağçalara da şamil edilməlidir".

Müsahibimiz diqqətə çatdırıb ki, 10 il ərzində bağçalara uşaqların, rəhbər və texniki işçilərin qəbulu elektron qaydada və müsabiqə nəticəsində olmayıb:

"Bu da ciddi şəkildə əsassız tələblərin ortaya çıxmasına səbəbdir. Bağçalara verilən qidalara ictimai nəzarət yoxdur. Dövlət Statistika Komitəsinin məlumatlarında da ən çox ərzaqdan zəhərlənmə hallarının məhz dövlət bağçalarında baş verməsi qeyd olunur".