Müəllimlərin işə qəbul imtahanlarındakı qanunsuzluq olub. Azərbaycan Respublika Təhsil İnstitutunun ( ARTİ ) apardığı araşdırmalara görə, müəlliflərdən Siracəddin Quluzadə sualların məxfiliyinin qorunması şərtlərini pozub. 14 iyul 2022-ci il tarixində keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilmiş 3 sualın (S.Quluzadə tərəfindən MİQ sual bankına təqdim edilmiş) imtahandan əvvəl bəzi namizədlərə videoformatda izah olunması iddiası öz təsdiqini tapıb. S.Quluzadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hüquqi addımlar atılacaq.
Qeyd edək ki, hazırda ARTİ bu hadisənin imtahan nəticələrinə olan təsirləri barəsində elmi-statistik təhlil aparır. Yekun nəticələrə dair qərar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
"Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi sualların öncədən sızdırılmasını təəssüfləndirici hal olduğunu vurğulayıb:
"Belə davam etməməlidir. Təxminən 4-5 il əvvəl də söyləmişdim. İmtahanların keçirilməsi Dövlət İmtahan Mərkəzi ( DİM ) gerçəkləşdirməlidir.
Bütün imtahanları DİM reallaşdırmalıdır. Növbəti MİQ imtahanlarında eyni situasiyanın yaşanmayacağını bilmirik.
Sualları hazırlayan mütəxəssisləri prosesdən uzaq tutulmalıdır.
Vaxtilə DİM-in tətbiq etdiyi qaydaya var idi. Müəllimlər müvafiq yerdə saxlanılırdı, imtahanlardan sonra buraxılırdı. Həmin üsul olmalıdır. Eyni halın təkrarlanmayacağına kimsə zəmanət vermir".