Biliyin varsa, yaşıl işıqdır

Əhalinin davamlı savadlanması üçün yeni mexanizm faydalı olacaq

İnsanların bir deyil, bir neçə ixtisasa sahib olması əmək bazarında yaranan kadr çatışmazlığı probleminə də öz töhfəsini verəcək

  Azərbaycanda əhalinin davamlı savadlanması üçün yeni mexanizm yaradılacaq.
  Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
  Strategiyada qeyd edilir ki, əhalinin davamlı savadlanması üçün “ömürboyu öyrənmək” mexanizmi yaradılacaqdır. Bu mexanizm əhalinin əmək bazarının tələblərinə uyğun ixtisasartırma kurslarında iştirak etməsinə və zəruri kvalifikasiyalar əldə etməsinə imkan verəcəkdir. Nəticədə, ixtisasartırma üzrə innovativ proqramların və məzunların sayı hər il əhəmiyyətli sayda artacaqdır.
  Təhsil eksperi Elçin Əfəndi “Şərq”ə açıqlamasında deyib ki, burada əsas məqsəd hansısa bir ixtisas üzrə təhsil alan kadrların sonradan başqa ixtisas üzrə təkmilləşməsi ilə bağlıdır: 

“Yəni Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” insanlara fərqli sahələr və ixtisaslar üzrə təhsil almalarına imkan yaradacaq. Tarix fakültəsini bitirən şəxs hüquqşünas  olmaq istəyirsə, onun bu sahə üzrə təhsil almasına  şərait yaranacaq”. 

  Bu prosesi Avropa təhsil sisteminə inteqrasiya kimi dəyərləndirən  ekspert hesab edir ki, insanların bir deyil, bir neçə ixtisasa sahib olması əmək bazarında yaranan kadr çatışmazlığı probleminə də öz töhfəsini verəcək.   

"Kifayət qədər insanlar var ki, qəbul imtahanları zamanı düzgün seçim edə bilmir və istəmədiyi bir ixtisas üzrə təhsil almalı olur. Özünü o sahədə görmədiyi üçün də sevdiyi və daha çox bacarıq potensialı olan fərqli bir sahə üzrə işləməyə başlayır. Bu sahədə uğur əldə edir.  
Amma elə sahələr var ki, ora yalnız  ixtisaslı kadrlar tələb olunur. Bu zaman da  fərqli ixtisas üzrə təhsil alan gənclər kənarda qalır. Sözügedən strategiyanın icrasından sonra onlar ixtisasartırma kurslarında iştirak edərək öz istədikləri sahələr üzrə işləyə bilərlər". 

  E.Əfəndinin sözlərinə görə, əhalinin davamlı savadlanması üçün yeni mexanizm yaradıldıqdan sonra ixtisasartırma kursları  Təhsil Nazirliyinin nəzdində  olan bütün ali təhsil müəssisələrinə şamil ediləcək. 

"Yəqin ki, mexanizm üzərində işləmək üçün İşçi qrupu yaradılacaq və hansı universitetlər  nəzərdə tutulubsa, adları ictimaiyyətə açıqlanacaq. Onu da deyim ki, bir-birinə yaxın ixtisaslar üzrə təkmilləşdirmə kursları təşkil olunacaq. Eyni zamanda şəxsin bilik və bacarıqları da nəzərə alınacaq. Əgər kiminsə informasiya  texnologiyaları üzrə  bilikləri bu sahədə təhsil almağa imkan verirsə  həmin şəxsin  hansı ixtisası bitirməsi böyük əhəmiyyət kəsb etmir. Qəbul prosesi müvafiq imtahan və müsabiqə  əsasında aparılacaq".