Elçin Əfəndi: “N” sayda müəllim var ki, 18-20 saat dərs deyərək savadlı müəllimlərdən daha çox maaş alır"
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəllimlərin əməkhaqqısında yeni əməkhaqqı sisteminin tətbiqi və əməkhaqlarının differensiallaşması nəzərdə tutulub. Təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, sertifikasiya yalnız müəllimlərin hazırlıq səviyyəsinin təminatı aləti deyil, eyni zamanda müəllimlərin işinin rəğbətləndirilməsidir: “Sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlərin əməkhaqqına əlavələrin verilməsini planlaşdırırıq”.
Təhsil eksperti Elçin Əfəndinin “Şərq” qəzetinə açıqlamasına görə, sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlərin əməkhaqqına əlavələrin verilməsi müəllimlər üçün bir növ stimul rolu oynayacaq:
“Eyni zamanda müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün motivasiya olacaq. Digərləri də öz üzərində işləyib növbəti mərhələdə yüksək nəticə toplamaqda maraqlı olacaq. Sertifikasiya müəllimin bilik və bacarıqlarını yoxlayır, əməkhaqqı isə dərs yükünə görə müəyyənləşir kimi iddialarla razı deyiləm.
Bilik və bacarıqları yetərli olmayan “n” sayda müəllim var ki, 18-20 saat dərs deyərək savadlı müəllimlərdən daha çox maaş alır. Müəllimlərin əməkhaqqısının differensiallaşmasından sonra isə heç kimin haqqına girmək mümkün olmayacaq. Hər kəs öz biliyinin və bacarığının bəhrəsini görəcək. Hər hansı məktəbdəki yüksək nəticə göstərən müəllim, sertifikasiyadan keçməyən və aşağı nəticə göstərən müəllimlə eyni əməkhaqqı almamalıdır. Sertifikasiya həm də bu məqsədə xidmət etməlidir. Təhsil məsələsində ən yaxşı kadrları cəlb etməyi bacarmalıyıq. Nazirliyin sertifikasiya ilə bağlı atacağı addım təhsilin keyfiyyətinin yüksəlməsinə yönələn bir addımdır".
Bəzi iddialara görə, müəllimlərin əməkhaqqısının differensiallaşmasına görə sertifikasiya imtahanları çətinləşəcək.
Sertifikasiya imtahanları ilə bağlı qorxulu heç nə yoxdur. Burada dərsliklərdən, MİQ proqramından, təhsil qanunları və konsepsiyalardan kənarda heç nə öz əksini tapmır”.