“Lerik rayonunda 10-20 min nəfərə bir həkim belə tapmaq olmur. Tibb sahəsində kadrların hazırlanmasına sanki bilərəkdən mane olan əllər var”
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransı keçirib. DİM sədri bildirib ki, I qrupda kompüter elmləri, kompüter mühəndisliyi və informasiya texnologiyaları kimi nüfuzlu ixtisaslarda çox yüksək keçid ballarının olacağı gözlənilir:
"10 il qabaq kimsə desə idi ki, hüquq fakültəsinin keçid balı informasiya texnologiyaları ixtisaslarından az olacaq, heç kim inanmazdı. Bu il belə olacaq. Əmək bazarında baş verən dəyişiklikləri abituriyentlərin ixtisas seçimində də görürük. Bəzən ixtisas seçimləri kortəbii aparılır. Valideynlərin uşaqları ilə birgə müzakirələr aparması arzuolunandır".
Təhsil eksperti Elşən Qafarov "Sherg.az"a bildirib ki, 0-150 arası bal toplayan abituriyentlərin çoxluq təşkil etməsi mənfi və düşündürücü bir məqamdır:
"DİM-in nəzərdə tutduğu testlər abituriyentlərin bilik və bacarıqlarına tam uyğun deyil. Bu qurum hər il olduğu kimi, ənənəvi şəkildə öz standartları üzrə suallar hazırlayır. Vəziyyətin aradan qaldırılması ilə bağlı illərdir, Testologiya İnstitutu və ya Test İnstitutunun yaradılmasını təklif edirik.
Sual hazırlama səlahiyyəti DİM-dən alınsın. Yalnız texniki qurum kimi fəaliyyət göstərsin. Nəticələrin aşağı olmasının digər bir səbəbi idarəetmədə ciddi problemlərin mövcudluğu, müəllim peşəkarlığının inkişafı ilə bağlı işlərin hələ də görülməməsidir. Ölkədə məktəb mühitinin aradan qaldırılması, repetitorluq və kölgə təhsilinin hökmranlığı kimi hallar da var.
Digər mənfi tendensiya isə xüsusilə, 4-cü ixtisas qrupu üzrə yerlərin say məhdudiyyətidir. Bu da Azərbaycanda həkim qıtlığına gətirib, çıxarır. Əsasən, dağlıq və dağətəyi rayonlarda problem hələ də nəticəsiz qalıb.
Məsələn, Lerik rayonunda 10-20 min nəfərə bir həkim belə tapmaq olmur. Tibb sahəsində kadrların hazırlanmasına sanki bilərəkdən mane olan əllər var. Başqa bir mənfi məqam rezidenturaya qəbul yerlərinin azaldılması ilə əlaqəlidir.
Hazırda təhsilini bitirənlərin böyük hissəsi xaricə gedir və qayıtmır. Beləliklə. ixtisaslı həkimlərin çatışmazlığına səbəb olur. Hər dövrün ixtisas seçimində öz axını, tələbatı var.
Yaxşı olar ki, ali məktəbə daxil olmaq adına peşə seçməsinlər. Öz maraqları çərçivəsində karyeralarını davam etdirib, dövlətə və cəmiyyətə xeyir verə biləcək ixtisaslarda təhsil almaq haqqı qazansınlar".