Avqustun 30-dan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, sertifikatlaşdırma prosesinə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb edilib. Sertifikatlaşdırma prosesinin birinci gününün ilk sessiyasına 2696 təhsilverən dəvət olunub. Onlardan 2579 nəfəri sertifikatlaşdırma prosesində iştirak edib.
Qeyd edək ki, sertifikatlaşdırma xəbərinin çıxdığı ilk gündən indiki zamana qədər müəllimlər arasında narazılıqlar müşahidə edilir. Ali təhsillərini bitirdikdən sonra Müəllimlərin İşə Qəbul (MİQ) imtahanından keçdikləri halda, indi də sertifikasiya müsabiqəsinin təşkil ediməsi etirazlara səbəb olub. Qərarın vacib və əhəmiyyəti ilə bağlı ziddiyətli fikirlər irəli sürülür.
Mövcud məsələ barədə təhsil eksperti Elşən Ramizoğlu "Sherg.az"a danışıb. O, Azərbaycan Respblikasının Əmək Məcəlləsində işə qəbul prosesinin müsabiqə yolu ilə təyin edilə biləcəyinin qeyd olunduğunu deyib:
"Müəllim ali təhsil alıb? Çox gözəl. Yenidən imtahan keçirilməsində hesab edirəm ki, problemli durum müzakirə mövzusu ola bilməz.
Müsabiqə şəffaf şəkildə təşkil olunubsa və savadımıza güvəniriksə, narahatlığa əsas yoxdur. Sertifikasiya məsələsi ilə bağlı rahatsızlıqlar var.
Tərəddüd əsasən, qorxu, bilik səviyyəsindən əmin olmamaq, prosesin test və müsahibə mərhələsinin ədalətli aparılmayacağına dair şübhələrdən irəli gəlir.
Əsas məqsəd müəllimlərin öz üzərində çalışmalarından ibarətdir. Narazılıq edən təhsil işçilərini də qınamıram. Bu da onların şəxsi fikridir. Hörmət edirəm. Ancaq təbii ki, yekun qərarı biz vermirik".