“İmzalanan saziş dövlətlər arasındakı əlaqələrə əlavə dvidentlər gətirəcək"
Romada İtaliya-Azərbaycan Universiteti yaradılır. Sentyabrın 1-də Prezident İlham Əliyev Romada yeni universitetin yaradılması ilə bağlı sənədlərin mübadiləsi mərasimində çıxış edib.
Dövlət başçısı bildirib ki, bugünkü mərasim Azərbaycan səfirliyinin yeni binasında keçirilib:"Mən çox şadam bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq”.
İtaliya-Azərbaycan universitetinin yaradılmasıyla bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov "Sherg.az"a danışıb. Onun sözlərinə görə, həm ali təhsil pillələri, həm akademik tədqiqat sahəsi, tələbə mübadiləsi, ikili diplom proqramları üzərində əməkdaşlıq gerçəkləşəcək:
"ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişdir. Azərbaycan üçün strateji tərəfdaş, dost ölkələrdən biri olan İtaliya ilə təhsil əlaqələrinə ehtiyac var. Bu təhsil münasibətlərinə yeni format gətirəcək. Hər iki ölkənin vətəndaşları üçün faydalı müqavilədir. Praktiki tərəfləri gələcəkdə dövlətlərarası münasibətlərdə, eləcə də təhsilin uğurlu yer tutmasını şərtləndirəcək. İmzalanan saziş dövlətlər arasındakı əlaqələrə əlavə dvidentlər gətirəcək".