İtaliya-Azərbaycan Universitetinin hazır olacağı tarix açıqlanıb

Tərəfdaşlığımız uğurla həyata keçirilir. Bizim ikitərəfli gündəliyimiz getdikcə genişlənir. Təbii ki, bunun əsas hissəsini enerji və ticarət təşkil edir. Lakin bunlar yeganə mövzular deyil. Dünən səfirliyimizin yeni binasında biz İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsinə həsr edilmiş gözəl mərasimin şahidi olduq.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, bunlar ADA Universiteti və İtaliyanın beş universiteti - Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Gözəl məkanda yerləşən universitet binası inşa edilməkdədir və 2024-cü ilin sonunadək hazır olacaq.