"Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəblərinin sayı həm ilbəil azalır, həm də ki, müxtəlif səpkidə olan problemləri artır. Təəssüflər olsun ki, bir çox məktəblərdə direktorlar Azərbaycan dili və ədəbiyyat fənni üzrə dərs saatlarını 5 saatdan 3 saata kimi azaltmağı planlaşdırırlar (artıq edənlər də var)".
Beynəlxalq Qafqaz Universitetinin assosiativ professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyir ki,
milli məktəblərimiz kütləvi surətdə bağlanaraq sayı 183-dən (1989-cu il) 116-ya (2022-ci il) qədər azalıb:
"116 məktəbdən 79-u Azərbaycan, yerdə qalanı isə sektor, qarışıq məktəblərdir (Azərbaycan-gürcü; Azərbaycan-rus və s.). Gürcüstan Respublikasının təhsil qanunvericiliyinə görə əgər milli azlıq nümayəndələri gürcü və ya sektor məktəblərində təhsil alırlarsa, məktəb onlara ana dili üzrə fənnin tədris edilməsi təklifini irəli sürmək hüququna malikdir. Belə olan halda 1 qrupda şagirdlərin sayı minimum 10 nəfər olmalıdır. Məsələn tutaq ki, “A” ictimai məktəbi əvvəllər ancaq azərbaycandilli məktəb idisə, sonradan bu məktəbdə əlavə olaraq gürcü sektoru açmaqla Azərbaycan-gürcü sektoru yaratdılar. Məktəbin tam səlahiyyəti var ki, gürcü sektorunda təhsil alan azərbaycanlı şagirdlər üçün Azərbaycan dili və ədəbiyyat fənninin tədrisini təşkil etsin. Bizim bəzi direktorlar (və ya direktoru əvəz edənlər) isə öz hüquqlarından istifadə edib gürcü və rus sektorlarında Azərbaycan dili və ədəbiyyat fənninin tədrisini təşkil etmək əvəzinə, əksinə Azərbaycan məktəblərində, eləcə də azərbaycandilli şöbələrdə daha da dərs saatını azaltmağa çalışırlar... Adamda vicdan yaxşı şeydir…".