Şəhid Mübariz İbrahimov adına məktəbdə yeni dərs ili başladı 

Bu gün İstanbuldakı Şəhid Mübariz İbrahimov adına məktəbdə yeni dərs ilinin başlangıcı ilə əlaqədər tədbir keçirilib. Türkiyədə yaşayan azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun dəstəyi ilə yeni təmir olunmuş məktəbdə dərsə başlayan müəllim və şagirdlərin sevinci çöhrələrindəki təbəssümdə əks olunurdu, hamı böyük ruh yüksəkliyi ilə gəlmişdi bu məktəbə. Məktəbə ilk qədəmlərini qoyan birincilərin sinifləri isə xüsusi zövqlə bəzədilmişdi. 
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Aygün Həsənoğlu bütün kollektivi salamlayaraq, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin ruhunu yad etmək üçün bir dəqiqəlik sükut elan etdikdən sonra, yeni tədris ilində hamıya müvəffəqiyyətlər arzuladı. O, məktəblilərə üzünü tutaraq “Siz artıq qalib bir ölkənin vətəndaşlarısınız, sizin azad ölkənin vətəndaşı olmağınız üçün canından keçən şəhidlərimizin ruhunu şad etmək, onların tarix yazan bu cəsarətinə layiq olmaq üçün daha çox çalışmağınız və yaxşı oxumağınız lazımdır. Siz də əsgərsiniz, ordumuz düşmənlə mübarizə aparır, siz isə savadsızlıqla mübarizə aparmalısınız, uğura gedən yol elmdən, təhsildən keçir. Biz müəllimlər də sizin daha yaxşı yetişməyiniz üçün əlimizdən gələni əsirgəməyəcəyik” deyərək, hər bir şagirdi daha məsuliyyətli olmağa çağırdı. Tədbirdə çıxış edən digər müəllimlər də yeni dərs ilində şagirdlərə uğurlar dilədilər və valideynləri müəllimlərlə birlikdə əl-ələ verib evladlarının daha yaxşı oxuması, Vətənə, Millətə və Dövlətə layiqli vətəndaş olmaları üçün bütün imkanlarını səfərbər etməyə səslədilər. Şagirdlər ilk dərs günündə müxtəlif fənlər üzrə keçirilən dərslərdə böyük həvəslə və fəal iştirak etdilər.



Yaqut Misirxanlı, 
İstanbul