“Vətəndaşlardan xaiş olunur ki məktəblərdə bu kimi hallarla qarşılaşdıqda dərhal nazirliyin qaynar xəttinə məlumat versinlər”
Müəllimlərdən pul tələb edən Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimova haqqında araşdırma aparılaraq akt tərtib olunub. O tutduğu vəzifədən azad olunub. Xatırladaq ki, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimovanın müəllimlərdən açıq aşkar pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı.
Direktor müəllimlər üçün yaratdığı "Watsapp" qrupuna səs ataraq hər müəllimdən 50 manat istəyib. O bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib.
Bundan başqa, Bakı Şəhəri üzrə Təhsil İdarəsi(BŞTİ)Vətən müharibəsi qazisi, polkovnik Elşən Umarovun övladının təhsili ilə bağlı 227 nömrəli tam orta məktəbə müraciəti zamanı direktorun ona qarşı kobud rəftarı məsələsinə münasibət bildirib. BŞTİ-dən bildirilib ki, Elşən Umarovun övladının təhsilini davam etdirməsi üçün Bakı şəhəri 227 nömrəli tam orta məktəbə müraciəti zamanı məktəb direktoru Sevinc Hüseynova tərəfindən ona qarşı kobud rəftar edilməsi ilə bağlı idarə tərəfindən araşdırma aparılıb:
“Araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Sevinc Hüseynovaya əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, vətəndaş qəbulu qaydalarına uyğun vəzifə funksiyalarını düzgün yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna və müəllim nüfuzuna xələl gətirən hallara yol verdiyinə görə intizam tənbehi kimi töhmət verilib”.
Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a bildirib ki, məktəb rəhbərlərinin müəllimlərdən, şagirdlərdən və valideyinlərdən pul tələb etməsi qanunvericiliyin pozulmasıdır:
“Direktorun bu əməli bir başa korrupsiya faktı kimi qiymətləndirilir. Əgər təhsil müəssəsində hansısa təmir işləri görülməlidirsə, bununla bağlı məktəbin tabe olduğu regional idarəyə və yaxud Elm və Təhsil Nazirliyinə məlumat verilməlidir.
Doğrudur, təhsil haqqında qanunvericilikdə ianələrin toplanması ilə bağlı müvafiq müddəa yer alır. Lakin bu könüllük prinsiplərinə əsaslanmalıdır və müəllim heyəti məcbur edilməməlidir. Artıq işlərin həlli yolunda addımlar atılır və Təhsil İnkişaf Fondu yaradılır. İanələrin toplanması ilə məhz bu fond məşğul olacaq.
Məktəblərin təmiri ilə bağlı dövlət büdcəsindən milyonlarla pul ayrılır. Özbaşına ödəniş edən məktəb rəhbərlərinin işdən azad edilməsi ən doğru qərardır. Bu digər direktorlara da dərs ola bilər. Onlar bu halı gördükdə belə əməllərdən çəkinəcəklər. Korrupsiya faktına dəlalət edəcək addımlar atan hər bir şəxs qanunvericilik çərçivəsində vəzifədən uzaqlaşdırılmalıdır. Bunu nə dərəcədə effekt verəcəyini isə biz qarşıdakı zaman kəsiyində görəcəyik.
Əgər hansısa direktor belə bir əməl törədərsə, onu da eyni aqibət gözləyir. Bunu dərk etsinlər. Vətəndaşlardan xaiş olunur ki məktəblərdə bu kimi hallarla qarşılaşdıqda dərhal nazirliyin qaynar xəttinə məlumat versinlər”.