"Ümid edirəm ki, Bәrdә rayonu Adil Süleymanov adına Şorәlli kәnd tam orta məktəbin direktoru Əliyeva Gülnarə Qanboy qızının müəllimdən pul tələb etməsini Qarabağ Regional Təhsil İdarəsi obyektiv şəkildə araşdıracaq".
Bu barədə "Sherg.az"a təhsil eksperti Elşən Ramizoğlu bildirib. Onun sözlərinə görə, direktorun müəllimdən rüşvət alması bağışlanmaz səhvdir:
"Bir çoxları elə bilir ki, direktor təyin olunduqdan sonra varlı həyat yaşamalıdır. Sanki müəllimin də məktəb rəhbərini varlandırmaq öhdəliyi var. Ayıbdır, nə vaxta qədər bu dilənçilik davam edəcək?!
Bəzən analoji məqamlarda müəllim şikayət etməyə çəkinir və ya utanır, direktor da bundan istifadə edib, pul tələb edir. Hesab edirəm ki, sözügedən amillərin yaranmasında müəllimlərin də təsiri böyükdür.
Onlar müəssisədə birlik nümayiş etdirib, direktora qarşı dirəniş göstərsələr, bu kimi situasiyalar yaranmazdı. Rüşvətxor Təhsil Şöbə müdirləri "alıb-vermək" qabiliyyəti olan şəxsləri direktor təyin etməkdə maraqlı idi. Bu gün də çox zaman onun fəsadlarını yaşayırıq".
Qeyd edək ki, Bәrdә rayonu Adil Süleymanov adına Şorәlli kәnd tam orta məktəbin direktoru Əliyeva Gülnarə Qanboy qızının müəllimdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb. Şikayətçi, adı çəkilən məktəbin müəllimi Dursun Babayeva bildirib ki, direktor ondan hər ay 165 manat rüşvət alıb.