"Orta məktəbdə şagirdin sinif yoldaşını bıçaqlaması faktı üzücü olmaqla yanaşı, eyni zamanda bir həyəcan siqnalıdır".
Bu sözləri "Sherg.az"a açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının başqanının Media məsələləri üzrə müşaviri, jurnalist İlhamə Həkimoğlu deyib.
Onun sözlərinə görə, orta məktəblərin qapıları qarşısında narkotik alverçiləri pusquda dayanıb:
"Məktəblərin mühafizə sistemləri zəifdir. Mühafizə dedikdə çox zaman hansısa, yaşlı bir qadının qapı ağzında oturub müəssisəyə girib-çıxana nəzarət etməsi başa düşülür. Birincisi, hər bir valideyn özü nəzarətçi olmalıdır. İkincisi, müəllimlər, üçüncüsü də, məktəbdə mühafizə sistemi mütləq şəkildə təşkil edilməlidir. Həm gənclər arasında yaşanan hər hansı dava- dalaşın qarşısını almaq, həm də kənardan gələn təhlükələri önləmək üçün bu, şərtdir.
Minlərlə, müxtəlif tərbiyəli ailələrin uşaqları bir araya toplanır. Günün çox hissəsini bir yerdə keçirirlər. Yeniyetməlik və gənclik çağında ağıllarının hələ yaxşını yamandan tam ayırd etmədiyi bir dövrdə məktəblər istənilən növ təxribata açıq bir məkanlardır.
Məktəblərin mühafizə prosesinə təqaüdçü hərbiçiləri, qazilərimizi də cəlb etmək olar. Beləliklə, boş saatlarda uşaqlarla apardıqları söhbətlərlə onların tərbiyəsində müəyyən rol oynaya bilərlər. Məktəblərimizdə kişi pedaqoqların azlığı analoji halların çoxalmasına mənfi təsir göstərir".
Qeyd edək ki, sentyabrın 24-də Xırdalan şəhəri 7 nömrəli orta məktəbdə şagird bıçaqlanıb. Məktəbin 11-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü şagird sinif yoldaşı, 2005-ci il təvəllüdlü şəxsə bıçaqla xəsarət yetirib.