211 saylı orta məktəbdə nələr baş verir? - “Laborant adı ilə işə götürüb, xadimə kimi..." 

Jurnalistin qaldırdığı məsələ təsdiqini tapır

Tanınmış jurnalist İntiqam Valehoğlu "Facebook"da Bakı şəhəri A.Abdullayev adına 211 saylı orta məktəb haqqında səs-küy yaradacaq paylaşım edib. Paylaşımda qeyd olunub: " Hazırda 211 saylı məktəbdə çox pis şeylər baş verir və Təhsil Nazirliyi məsələni vaxtında nəzarətə götürməlidir. Çünki bu təhsil adına növbəti biabırçılıqdir. Məktəbin direktoru Həcər Mahmudova Sulutəpədəki villanız xeyirli olsun. Amma heç olmasa məktəbin inventarlarıni villanın tikintisində işlətməyin. Hələ onu demirəm ki, bir qadını laborant adıyla burda işə götürüblər. O , sonradan bilib ki, xadimə ştatındadır. Çox xoşagəlməz səs yazıları göndəriblər.Yeri gəlmişkən, kollektiv nazirliyə müraciət etməkdən çəkinir. Çünki direktorun yaxın qohumu nazirlikdə çalışır və göndərilən bütün məktublar yarıyolda "yoxa çıxır"".

Məsələyə aydınlıq gətirmək üçün həmin məktəb ilə əlaqə saxladıq. Adının çəkilməsini istəməyən məktəb əməkdaşı "Sherg.az"a danışarkən bildirdi ki, sözügedən təhsil ocağına gətirilən avadanlıq heç yerə aparıla bilməz: 

"Mən hardan bilə bilərəm ki, məktəbin adına nə yazılıb və onları sonra kim aparıb?! Mən sadəcə onu deyə bilərəm ki, məktəbimizdə heç bir təchizat yoxdur. Adi süpürgəni belə xadimələr özləri alırlar. Məktəb ancaq xlor və maye sabunla təchiz olunur. Axı məktəbin özünün daxili büdcəsi var. Necə olur ki, həmin büdcə ilə iyirmi metlaqı düzəltmək olmur?! Məktəbdə metlaqlar hamısı yerindən oynayıb. Onlar ya hansısa şagirdin, ya da müəllimin ayağına ilişsə, başına bədbəxt hadisə gəlsə, buna görə kim cavab verəcək?!" 

Anonim şəxs laborant kimi işə götürülən, amma xadimə kimi çalışdırılan xanımın məsələsinə də aydınlıq gətirib:

"Həmin xanım dediyinə görə ali təhsillidir. Üç diplomu var. O bizim məktəbə laborant kimi işə düzəlmək üçün müraciət edib. Xadimə kimi qeydə alıblar. Amma ona bu haqda məlumat verməyiblər. Xanım bildirib ki, onun imza atdığı yerdə vəzifəsi qeyd olunmayıb. Bu qeydiyyata baxmayaraq bir dəfə də olsun o xanım əlinə süpürgə almayıb. Bütün günü direktor müavininin otağında olub. İşə düzəldikdən 3-4 ay sonra portalda kimsə onun xadimə kimi qeyd olunduğunu görüb ona deyib. O da işə düzəlmək üçün verdiyi pulu tələb edib. Dediyinə görə yarıdan çoxu qalıb, bir qismini geri qaytarıblar. Bunu bütün məktəb bilir". 

Qeyd edək ki, məktəb rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.