"Təəssüf ki, son dövrlər orta məktəblərdə analoji xoşagəlməz durumlar vüsət alıb. Bu isə onu deməyə əsas verir ki, orta ümumtəhsil müəssisələrində tədrisin keyfiyyəti olduqca aşağıdır".
Bu sözləri "Sherg.az"a təhsil üzrə ekspert Elçin Əfəndi Bakının 48 saylı məktəbində şagirdlərin sinif otağında yemək bişirməsi ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, artıq beyinlərdə elə bir fikir formalaşır ki, şagirdlərin məktəbə gedib-gəlmə səbəbləri sonda sadəcə müvafiq dövlət sənədinin əldə olunmasından ibarətdir:
"Demək olar ki, respublikanın əksər məktəbində sözügedən mənzərə ilə bağlı faktlar mövcuddur. Ölkədə 1 milyon 600 mindən çox şagird təhsil alır. Onların hər biri fərqli psixologiyadadır. 9-10-11-ci siniflərin əksəriyyəti isə məktəblərdə olmurlar. Dərslərdə iştirak edənlər də məhz bu kimi hallara yol verən fərdlərdir. Onların oxumağa meyilləri yoxdur. Daim dərsləri bölməyə, nizam-intizam qaydalarını pozmağa cəhd göstərirlər. Bu cür davam etməklə yenilik əldə oluna bilməz. Şagirdlərin uyğunsuz hərəkətləri, kənara çıxma hallarına yol vermələri xoş mənzərə təsiri bağışlamır".
Qeyd edək ki, Bakının 48 saylı məktəbində şagirdlərin sinif otağında yemək bişirməsi ilə bağlı görüntülər yayılıb. Müəssisədən verilən məlumata görə, həmin videogörüntü ötən tədris ilində çəkilib. Məsələdən xəbər tutan məktəb rəhbərliyi müvafiq tədbirlər görüb, sinif rəhbəri, valideyn və uşaqlarla söhbətlər aparılıb. Sinif rəhbəri dəyişdirilib. Videonu çəkən şagird isə sinifdə qaldığı üçün ötən dərs ilinin sonunda məktəbdən çıxıb.