“Yardımçı dərs vəsaitləri kommersiya maraqlarına xidmət edir”
“Yəqin, burada müəyyən işbazlar çox böyük pullar qazanırlar”
"Dərsliklərlə bağlı problemlər hər kəsə məlumdur".
Bu sözləri "Sherg.az"a AzEdu.az Təhsil Portalının baş redaktoru Elmin Nuri bildirib. Onun sözlərinə görə, toxunduğumuz məsələdə problemin başqa bir tərəfi də var:
"Bu gün bəzi müəllimlər bilərəkdən və ya bilməyərəkdən dərsliklərlə yanaşı faydasız əlavə vəsaitlərdən istifadə edirlər. Təbii ki, burada yanlış heç nə yoxdur. Amma həmin vasitələrin cari dərsliklərlə nə qədər ayaqlaşdığı nəzərə alınmalıdır. Həmçinin tədris ilində nəzərdə tutulanlardan savayı kitabın məzmun tematik keyfiyyətlərini nə dərəcədə artırdığı məsələsinə diqqət edilməlidirlər.
Bundan başqa, əlavə dərs vəsaiti şagirdi (xüsusilə də, azyaşlını) izafi informasiya ilə çox yükləmir ki?! Bu da bir problemdir. Hazırda ətrafımızda da müşahidə edirik ki, xüsusilə də, ibtidai siniflərdə dərsliklər kənarda qalır, müəllimlər əlavə dərs vəsaiti tələb edirlər. Adını da kreativ dərs istiqamətində yardımçı vasitələr qoyurlar.
Bu, birbaşa kommersiya maraqlarına xidmət edir. Yəqin, burada müəyyən işbazlar çox böyük pullar qazanırlar. Azərbaycanda da kütlə psixologiyasına görə, müəllimin adını çəkdiyi vəsaiti bir şagird tapırsa, digərlərinin də valideynləri onu tapmaq uğrunda vuruşur.
Beləliklə, məktəbin daxilində tendensiyaya çevrilir. Sözügedən kitab əsas dərslik deyil, yardımçı vasitədir. Jurnalist xanım bunu paylaşıb, amma diqqət etməyib ki, bu, Elm və Təhsil Nazirliyinin (ETN) tövsiyə etdiyi dərs vəsaitidirmi, yoxsa hansısa müəllimin könüllü şəkildə tədrisin keyfiyyətini artırmaqdan ötrü istifadə etdiyi əlavə vasitədir. ETN-in müdafiəçisi deyilik.
Elə dərsliklərimizdə də xeyli problemlər var. Amma burada əsas məsələ müəllimin seçimidir. Valideyn ondan kitab tələb ediləndə proqramla maraqlanmır. Dərsliklərlə uyğunluğu olmayan yardımçı vəsaitlərin şagirdlərdən istənilməsi doğru deyil. Əks halda bu cür lazımsız mövzular, rəsmlərdən ibarət vəsaitlər ortaya çıxır. Sözügedən kitabı da müəyyən müəllimlər qrupu hazırlayır. Nəşriyyat bilir ki, xeyli sifariş alınıb, onu tez çatdırmaq üçün tələsik iş görürlər. Bu, çox ciddi problemdir".
Qeyd edək ki, jurnalist Ramina Eyvazqızı Feysbuk sosial şəbəkəsində kitab səhifəsi paylaşıb. Kitabda qeyri-etik, uşaqların yaşına uyğunsuz cümlələr əks olunub.