Şəhid adını daşıyan və 30 ildən çoxdur qəzalı vəziyyətdə olan məktəbin aqibəti necə olacaq? - FOTO

Şəmkir rayonunda məktəb qəzalı vəziyyətdədir. 
Oxu.Az-ın məlumatına görə, rayonun Çinarlı Qəsəbəsində yerləşən Şəhid Etibar Həsənov adına 1 saylı tam orta məktəb 30 ildən çoxdur qəzalı vəziyyətdədir.
Valideynlər uşaqlarının yararsız vəziyyətdə olan məktəbdə dərs keçməsindən ciddi narahatdırlar. 
Qazax-Tovuz Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Nəcibə Vəliqızı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Şəmkir rayon Çinarlı qəsəbə Etibar Həsənov adına tam orta məktəbin mövcud vəziyyəti ilə bağlı məlumatlıdırlar:
“Qeyd edək ki, Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illər sosial-iqtisadi inkişafı dövlət proqramına əsasən, bir sıra məktəbin təmir olunması nəzərdə tutulub. Bildiririk ki, Çinarlı qəsəbə Etibar Həsənov adına tam orta məktəbin də proqrama əsasən təmiri nəzərdə tutulub”.