"Şagirdin hər hansı bir idman növü üzrə məşqə başlaması müsbət addımdır".
Bu sözləri "Sherg.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Onun sözlərinə görə, hər bir insanın fiziki sağlamlığının qorunması, eyni zamanda özünümüdafiə qaydalarını bilməsi zəruridir:
"Amma məşqə başlamaq qisas, revanş almaq, intriqanın davam etdirilməsi məqsədini güdürsə, bu, məsələyə doğru yanaşma deyil.
Bu mövzuda hər iki tərəf - xüsusilə də şiddətə məruz qalan məktəbli ilə psixoloji söhbətlər aparılmalıdır. Çünki sözügedən şagird döyülən tərəf olduğu üçün istənilən halda qısas almaq şüuraltında qalacaq.
Ona görə də psixoloji dəstək mütləqdir. Ümumiyyətlə, analoji hadisələrin baş verməməsi üçün həm valideynlər, həm də psixoloqlar şagirdlərlə mütəmadi məşğul olmalı, söhbətlər aparmalı, onları düzgün istiqamətlərə yönəltməlidir".
Qeyd edək ki, bir müddət əvvəl şiddətə məruz qalan şagird kikboks məşqlərinə başlayıb. Bu barədə həmin məktəblinin atası Namiq Zeynalov məlumat verib.