"Ali məktəblərdə təhsilin pulsuz olması məsələsi hazırkı dövrdə o qədər də real deyil".
Bu sözləri "Sherg.az"a təhsil eksperti Elçin Əfəndi deyib. Onun sözlərinə görə, pulsuz təhsili qazanmaq üçün müəyyən kriteriyalar olmalıdır:
"İndiki zaman bunu deməyə əsas verir ki, pulsuz təhsil qazananlar çox yüksək bal toplayan abituriyentlər və magistratura pilləsinə yüksəlmək istəyən bakalavrlardır. Təhsili yalnız o zaman pulsuz edə bilərik ki, müvafiq olaraq, dövlət büdcəsindən təhsil istiqamətində kifayət qədər maliyyə yardımı ayrılsın.
Bundan əlavə, pulsuz təhsili keyfiyyətli təqdim etmək qarşılığında gerçəkləşdirmək mümkündür. Bu gün reallıq ondan ibarətdir ki, bir neçə universitet istisna olmaqla keyfiyyətli təhsildən söhbət açmaq absurddur. Dövlət sifarişli yerlərin sayı hər il artmalıdır.
Son 3-4 il ərzində dövlət sifarişi və ödənişli əsaslarla qəbul yerlərinin sayı biri-birinə bərabərdir. Bu gün artıq 40-50 min ali təhsil müəssisəsinin təxminən 48-50 faizə yaxını məhz dövlət sifarişi üzrə oxuyur. Təbii ki, qarşıdakı illər ərzində də bu tendensiya davam edəcək.
Amma tam olaraq, 100 faiz dövlət sifarişi üzrə alması bir qədər zaman alacaq prosesdir. Eyni zamanda kifayət qədər maliyyə vəsaiti tələb edir. Keyfiyyətli təhsil vermək qarşılığında dövlət sifarişi üzrə müvafiq müsabiqə şərtləri əsasında qəbul prosesini həyata keçirə bilərik".
Qeyd edək ki, Milli Məclisin ötən gün keçirilən iclasında deputat Tahir Kərimli təklif edib ki, bütün dövlət ali məktəblərində təhsil pulsuz olsun.