Gənclərin iş tapa bilməməsi sadəcə problem deyil, milli faciədir
"Azərbaycanda hər 100 nəfərdən 95 nəfəri arzulamadığı, heç xəyalına gəlməyən ixtisaslar üzrə oxuyur. Sonra da əmək bazarında yer tapa bilmir"
“Bakalavriat səviyyəsi üzrə tələbələrin köçürülməsi ilə bağlı boşluqlar “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində nəzərə alınacaq. Etiraf edim ki, magistratura və doktorantura səviyyəsi üzrə köçürülmə məsələsindəki problemlərlə bağlı bizə çox sayda müraciət olur”.
Bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm və ali təhsil şöbəsinin müdiri Yaqub Piriyev parlamentdə “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycanda magistratura səviyyəsi üzrə köçürülmə olmayıb: “Magistratura üzrə mövzular ilk 3 ayda təsdiq olunur. Baxmayaraq ki, ali təhsil müəssisələrinə muxtariyyət verilsə də, fənlərlə bağlı elə dəyişiklik edilir ki, 3-cü semestrdə keçirilən fənn 1-ci semestrdə keçirilir”.
O söyləyib ki, 3000 tələbə köçürülməsi üçün müraciətdən 500-ü geri qayıdıb: “Elə tələbə var ki, 4 dəfə köçürülüb. Bəzən olur ki, tələbə valideynin israrı ilə ixtisas seçib, lakin 1 il və ya 6 ay oxuyandan sonra qərar qəbul edir ki, ixtisasımı dəyişməliyəm. Magistratura səviyyəsi üzrə daxili qaydaları təsdiqlənməlidir”.
Bakalavriat səviyyəsi üzrə tələbələrin köçürülməsi ilə bağlı hansı boşluqlar var?
Təhsil eksperti Elçin Əfəndinin “Şərq”ə açıqlamasına görə, tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Elm və Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Bu da adətən fevral və iyul aylarına təsadüf edir: “Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi müvafiq müsabiqə şərtlərinə cavab verdikdən sonra təsdiqlənir. Mövcud qaydalara əsasən, prosesdə bütün ali təhsil müəssisələrində təhsil alan tələbələr iştirak edə bilir. O şərtlə ki, onların universitetə akademik borcu olmasın.
Tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir.
Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan dövlət ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.
Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən tələbələr (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Təhsilalma formasını dəyişən və ya köçürülən (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyirlər.
Xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən əsas nəzərə alınan əsas göstərici isə tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması və tələbənin xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil almasıdır. DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri də əsas rol oynayır”.
Y.Piriyevin qaldırdığı məsələyə gəldikdə isə ekspert deyib ki, bəzi tələbələr bir ixtisas üzərində qərarlaşa bilmədiyi üçün az qala hər il oxuduğu universiteti və ya ixtisası dəyişir. Məncə, tələbə transferi ilə bağlı yuxarı kurslara məhdudiyyət qoyulmalı və ancaq birinci, ikinci kursların bu prosesdə iştirakına şərait yaradılmalıdır. Hər tələbəyə isə yalnız bir semestrdə köçürülmə haqqı verilməlidir:
“Tələbələrin universitet və ya ixtisas dəyişməsinin müxtəlif səbəbləri var. Bəziləri illik təhsil haqqının yüksək olmasına, bəziləri ixtisasını sevmədiyinə görə, bəziləri isə təhsil aldığı sahə üzrə əmək bazarında nə qədər ehtiyac olub-olmamasına görə bu seçimi edir. Təbii ki, ali və orta ümumtəhsil müəssisələrinin verdiyi təhsilin keyfiyyətinə görə də bu addımı atan tələbələr var”.
Digər təhsil eksperti Elşən Qafarov isə deyib ki, son illərdə Təhsil Nazirliyi tərəfindən elektronlaşdırılmış və şəffaf şəkildə təşkil olunan xidmətlərdən biri tələbə köçürülməsi prosesidir. Bu prosesin tam elektronlaşdırılması tələbələrə heç bir xüsusi tapşırıq, vasitəçi və ya tanışlıq olmadan, bir manat ödəniş etmədən ölkə daxili və xaricindən ali təhsil müəssisəsini və ixtisasını dəyişmək şansı yaradır:
“Yerdəyişmə üçün müraciət edənlər arasında ümumi bir dəyərləndirmə aparanda görürük ki, valideynin israrı ilə ixtisas seçən tələbələr həmin sahədə özünü görmədiyi üçün istədiyi ixtisasa transfer olmaq istəyir. Digər bir qrup isə az bal topladığı üçün balı hansı ixtisasa düşübsə ora da qəbul olunanlardır.
Azərbaycanda hər 100 nəfərdən 95 nəfəri arzulamadığı, heç xəyalına gəlməyən ixtisaslar üzrə oxuyur. Sonra da əmək bazarında yer tapa bilmir. Gənclərin arzuladığı ixtisasa daxil ola bilməməsi və əmək bazarında iş tapmaması sadəcə bir problem deyil, milli faciədir.
Bu problemin başlanğıcı isə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarını qrup şəklində keçirməsidir. Dünyada ikinci belə bir model yoxdur ki, hansısa bir ölkədə abituriyent bir qrup üzrə 8-15 yer yazsın, hansına düşər düşsün. İmtahanlar ixtisaslar üzrə keçirilməlidir ki, sadəcə, universitetdə oxumaq xatirinə balı uyğun gələn ixtisası seçən tələbə sonradan bunun peşmanlığını yaşamasın. Y.Piriyevin misal gətirdiyi tələbələr də məhz bu kateqoriyaya daxildir”.
Ekspertin sözlərinə görə, yerdəyişmə üçün müraciət edənlərin bir qismi isə yaşayış yerini əsas gətirir. Eyni ixtisas üzrə hər hansı bir regionda təhsil alan tələbə eyni ixtisas üzrə evinə daha yaxın olan universitetdə təhsil almaq istəyir.