Elmin Nuri:“Bu gün, bəlkə də, kvadratın perimetrini hesablaya bilməyən 2 min müəllim var idi”
“Yəqin, həmin kvadratın intiqamını alırlar. Nəzərə almaq lazımdır ki, bu, iş prosesidir. Hər birimizdə çalışdığımız zaman səhvə yol vermə halları baş verib”
"Hazırkı - jurnalist və araşdırmaçı fəaliyyətim dönəmində heç zaman nə Elm və Təhsil Nazirliyinin (ETN) tərəfindən çıxış edən subyekt rolunu oynayır, nə də məqsədli şəkildə onların fəaliyyətinin müsbət istiqamətini vurğulayıram".
Bu sözləri "Sherg.az"a təhsil eksperti Elmin Nuri deyib. Onun sözlərinə görə, istənilən qurumun gördüyü mənfi ilə yanaşı, müsbət işlər də var:
"Amma ETN-nin hazırladığı təlimatı birmənalı şəkildə dəstəkləyirəm. Yeni qaydalar təhsil və təlim-tərbiyə prosesində vacib nüansdır. Hətta gecikmiş meyarlar idi. Bu qərarlar çoxdan hazırlanmalı və tətbiq edilməli idi. Lakin biz - sosial şəbəkə istifadəçiləri olaraq, çox təəssüf ki, müəyyən manipulyatorların "səyi" ilə məsələnin tamamilə başqa tərəfinə diqqət çəkdik. Bu da nazirliyin slaydında bir neçə səhvin əksini tapmasıdır.
Təbii ki, başqa dövlət qurumları, hər hansı təşkilat belə diqqətsizlik etsə idi, bir o qədər qınağa tuş gəlməzdi. Lakin cəmiyyət ETN əməkdaşlarının düzəltdiyi yazılı slayd-materialda bu cür yanlışın olmasını birmənalı qarşılamadı. Burada daha çox qeyri-səmimilik, yaranan intiqam fürsəti görürük. Əlbəttə, könül istərdi ki, nəinki ETN, hətta bu kimi işlər görən bütün rəsmi və qeyri-rəsmi dövlət qurumlarının saytlarında analoji səhvlər əksini tapmasın. Hər birimiz adicə bir status yazanda belə ona yenidən nəzər yetiririk, hərf səhvləri varsa, düzəldirik. Yəni sadə bir paylaşımda belə səhvi qəbul etmədiyimiz halda, ETN-nin geniş publikaya təqdim etdiyi rəsmi qərarın əks olunduğu slaydda 6 səhvin olması təbii ki, qəbuledulməzdir. Amma bunun üzərinə düşmək, "dünyanın sonu" kimi göstərmək, əsas mahiyyəti, proseslərin müzakirəsini, qərarlar toplusunda yer alan məsələləri kənara qoyub, diqqəti onun üzərinə cəmləşdirmək qeyri-ciddilikdir. Yeni qəbul olunan qərar son 5 ildə təhsilimiz adına atılan çox gözəl addımlardan biri idi. Şagirdlərə və daha çətin tərbiyə olunan uşaqlara qarşı tətbiq olunan xüsusi qadağa və cəzalar mexanizmi vacib məsələlərdəndir. Bu, öz sözünü hələ sonra deyəcək. Göstərəcək ki, orta təhsil müəssisələrimizdə nizam-intizam qaydalarına əməl olunması prosesində çox böyük axsaqlıqlar mövcud idi”.
E.Nurinin sözlərinə görə, hətta ev tapşırığının yazılmaması davranış qaydasının pozuntusu kimi qiymətləndiriləcək:
“Axı bunun nəyi pisdir?! Nəyə görə bunları müzakirə etmirik?! Nə üçün "şaftalı", "pambıq" sözlərinin qisasını alırıq?! Bu gün, bəlkə də, kvadratın perimetrini hesablaya bilməyən 2 min müəllim var idi. Yəqin, həmin kvadratın intiqamını alırlar. Nəzərə almaq lazımdır ki, bu, iş prosesidir. Hər birimizdə çalışdığımız zaman səhvə yol vermə halları baş verib. Ədaləti mövqe ilə qarışdırmamalıyıq. Çox təəssüf ki, sözügedən mövzu əsas məsələni öz kölgəsində qoydu. Yeni qaydaları cəmiyyət olaraq, dəstəkləməliyik, xeyrini də gələcəkdə görəcəyik. Yeni təlimat nizam-intizam qaydalarına əməl edilməsində çox ciddi dəyişikliklərə səbəb olacaq".
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin (ETN) "İntizam tədbirləri" bölməsində fonetik normanın pozulması halı müzakirə obyektinə çevrilib. Eyni zamanda sosial şəbəkə istifadəçilərinin tənqid hədəfinə tuş gəlib.