Təhsildə tərbiyə, yoxsa tərbiyədə təhsil?



Cəmiyyətimizin azad düşüncəsi olan gənclərə çox ehtiyacı var
  Günümüzün ən həssas movzusu təhsil və tərbiyədir. Təbii ki, tərbiyə daha köklü ifadədir. Təhsildən əvvəl gəlməlidir. Ancaq mən tam olaraq belə fikirləşmirəm. Niyəsini bir qədər sonra izah edəcəm. Bəs yaxşı, günümüzdə insanlar bu normativi saxlayırmı? Yaxud bunun üçün düzgün vasitələr tətbiq edirlərmi?
  Bilirik ki, tərbiyə insan doğulandan tətbiq edilməyə başlayir. Özümüz nə görûrüksə, onu da tətbiq edirik. Əlbəttə ki, bu, hərtərəfli özünü göstərir. Məsələn, ziyalı ailəsində doğulan uşaq əlbəttə ki, avara olmayacaq. Ya da belə bir nümunə gətirək, ətrafında ümumiyyətlə təhsildən xəbəri olmayan, əvəzində oxumağa “əlavə vaxt itkisi“ kimi baxan cahil insanlar da var təəssüf ki. O azmış kimi ailəsində biri oxumaq istəyir, qayıdıb “otur oturduğun yerdə, qız uşagı neynir oxumağı!” deyib, həmin gənclərin arzularını gözündə qoyanları da çox görmüşəm. Halbuki, həmin uşaq öz əziyyəti ilə bu uğuru əldə etmişdi, dəstək görsəydi bəlkə də oxuyub bitirib vətənimiz üçün necə gözəl işlər görə bilərdi... Çox təəssüf hissi ilə bu cür halların hələ də qaldığını deyirəm. Çıxış olaraq isə tez-tez maarifləndirici çıxışların aparılmasında görürəm. Buna görə ki, 5-10 il əvvəl bu cür hallar 2 qat cox idi, indiki dövrdə isə hansısa ucqar rayonda, yaxud hansısa köhnə fikirli ailədə baş verir.
   Məhşur yazıçi Lev Tolstoy deyir: “Tərbiyə ilə təhsil ayrılmazdır. Bilik vermədən tərbiyə etmək olmaz. Hər cür bilik isə tərbiyəvi təsirə malikdir”.
  Uşaqlara tərbiyə veriləndə təhsili də nəzərə almaq lazımdır. Tutaq ki, 3-4 yaslı uşağın əlinə telefon ver oyun oynasın, bir də dəftər ver nəsə yazmağı öyrənsin. 10 il sonra nəticəni daha aydın görmək mümkündür. Təbii ki, biri uğurunu təhsildə, digəri isə sosialda məşhurlasmaqda görəcək. Biri uçuruma, biri zirvəyə aparacaq qədər fərqli səviyyədə ziddiyyət. Bəzi valideynlər də görmüşəm ki, uşağına güldən ağır söz deyilməməsi üçün gündə bir müəllim dəyişir. Guya ki, övladının daha uğurlu bir gələcəyi üçün ən yaxşısını edir. Halbuki, övladına özü təhsili aşılamadığı, yaxud təhsilə səhv aspektdən baxdığı üçün müəllimin metoduna şübhə edir. Hesab edir ki, bahalı repetitor 10 qat biliklə təmin edəcək övladını. Sonda isə əksər belə uşaqlar hec bir nəticə əldə etmədiyi üçün ən yaxşı halda cəmiyyətin adi bir üzvünə çevrilir. Niyə ən yaxşı halda dedim, çünki belə bir mühitdə böyüyüb, heç bir nəticə əldə etməyən uşaqların çoxunu pis vərdişlər aludəçisi görmüşəm. Bunun da ən böyük günahkarı çox vaxt yenə də valideynlər olur. Götürə bilmədiyi öhdəliyi övladına yükləmək istəyən valideynlər. Əvəzində övladının uşaqlıqdan düşüncələrinə hörmət edərək o sahədə yönləndirsəydi daha fərqli nəticə əldə edə bilərdi.
  İndi isə bunun əksi bir nümunə gətirim. Elə valideynlər də görmüşəm ki, uşaqlarını kiçikliyindən elmə, təhsilə yönümlû böyüdürlər. 4 yaşında bir uşağa ”bu tapşırığı həll eləsən, sənə istədiyin hədiyyəni alacam, ya da başqa sürpriz edəcəm. ”Bu sözdən sonra təbii ki, uşaqda həvəs daha da çoxalır. Fərqi yoxdur kiçik, yaxud boyük mükafat, əsas odur uşağın təhsilə yönümlü olmagı üçün həvəsləndirici nələrsə etmək lazımdır. Ola bilər ki, ailə imkan cəhətdən də yaxşı vəziyyətdə olmasın və övladının hər istəyini qarşılaya bilməsin. Ancaq yenə də sözü, məsləhəti, əlindən gələni edərək övladının təhsilə marağını artıran valideynlər də az deyil.
  Bu saydığım halların istisnalarını da danmaq olmaz. Bəzən elə olur ki, övlad şiddət görür, yaxud şiddət gördüyü bir ailədə böyüyür. Onunla maraqlanan, təhsilinə köməklik göstərən valideynlərə sahib olmur. Ancaq cəmiyyətin, yəni müəllimlərinin dəstəyi ilə gələcəkdə gözəl peşəyə sahib olaraq böyük uğurlar əldə edir. Hərdən elə də olur ki, uşaq ziyalı müəllim ailəsində böyüməsinə baxmayaraq gözlənilən uğuru əldə edə bilmir, yaxud o potensiala sahib olmur.
  Uşaqlıqdan məktəb həyatımızda əlbəttə ki, sevdiyimiz və sevmədiyimiz muəllimlər olub. Hətta müəllimə görə sevdiyimiz, yaxud əksi, maraqsız gələn fənn olub. Birinin danışığı, davranışı, ya da etikasi belə bizə xoş gəlməyən bir müəllimin fənni bizə bir addım uzaq olub. Bu da ondan irəli gəlir ki, müəllim təhsildə düzgun tərbiyə metodunu tətbiq edə bilmir bəzən. Elə bilir ki, uşağa qışqırmaqla, hökm etməklə, yaxud da üstünlüyünü gözə soxmaqla öz peşəsini tədris edəcək. Diqqət yetirsək belə müəllimlərin uğuru digərlərindən həmişə az olur. Əksinə, təhsilə tərbiyəvi yanaşan müəllimləri isə həmişə üstün tuturlar. Burdan belə bir məsələ aydın olur ki, tərbiyədə təhsili necə sevdirməliyiksə, təhsildə də düzgün və ən uyğun şəkildə tərbiyəni təhsillə bərabər aşılamaq lazımdır. Hər ikisi bərabər tətbiq olanda nəticədə cəmiyyətimizdə elit təbəqə çoxalır. Elmini, biliyini tərbiyəli şəkildə tətbiq edən gənclər həmişə sayılıb-seçilən insanlar hesab olunur.
  Sonda isə demək istəyirəm ki, cəmiyyətimizin öz azad düşüncəsi olan gənclərə çox ehtiyacı var. Təəssüf ki, hələ də valideyn tərəfindən yönləndirilən gənclər az deyil. Burdan belə nəticə çıxarmaq olar ki, onlara uşaqlıqdan düzgün istiqamət verən olmayıb, ya da ki, hələ də böyüyüb formalaşa bilmirlər.
Sədi Şirazi demiş: “Tərbiyəsiz istedad heyifdir, istedadsız tərbiyə isə mümkün deyildir”.
Bəkirli Röyanə, BDU-nun jurnalistika fakültəsinin magistr pilləsinin 1-ci kurs tələbəsi