Qəbul imtahanlarında yeniliklər olacaq

Test tapşırıqlarına Vətən müharibəsindən və yeni yaradılmış iqtisadi rayonlarla bağlı tapşırıqlar salınacaq

Kamran Əsədov: "Çox təəssüf ki, bir çox hallarda şagirdlərimiz ali müəssisələrinə qəbul imtahanlarında istifadə edilməyən dərslikləri, jurnalları o qədər də istifadə etmirlər"

  Ali məktəblərə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının test tapşırıqlarında yeniliklər olacaq.  Qəbul imtahanlarına 44 günlük Vətən müharibəsi və yeni yaradılmış iqtisadi rayonlarla bağlı suallar salınacaq. Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd olunub. Qeyd edilir ki, hazırda Xİ  siniflərdə təhsil alanlar istifadədə olan dərsliklərdən Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi (İkinci Qarabağ  müharibəsi) və azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə dair bilgilər almayıblar. 

Bunu nəzərə alaraq DİM Vətən müharibəsi, iqtisadi rayonların yeni bölgüsü və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı"na aid materialları “Abituriyent” jurnalında təqdim edir. Qeyd olunur ki, 2023-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə dair istifadəsi nəzərdə tutulan tapşırıqlar aşağıda göstərilmiş material əsasında tərtib ediləcək: Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı". 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 noyabr 2022-ci il tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Həmçinin Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə respublikanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib. Yeni bölgüyə əsasən, Azərbaycanda 14 iqtisadi rayon yaradılıb: Bakı, Naxçıvan, Abşeron–Xızı, Dağlıq Şirvan, Şirvan–Salyan, Qarabağ, Qazax–Tovuz, Quba–Xaçmaz, Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, Şəki–Zaqatala, Şərqi Zəngəzur, Gəncə–Daşkəsən.

  Hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar respublikanın iqtisadi rayonlarının yeni bölgüsü ilə bağlı istifadədə olan dərsliklərdən bilgilər almadıqlarından, onlara dair II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında coğrafiya fənnindən istifadəsi nəzərdə tutulan tapşırıqlar aşağıda göstərilmiş material əsasında tərtib ediləcək: Azərbaycan Respublikasının iqtisadi rayonları və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı". Materiallar həm də 2023-cü ildə "Abituriyent" jurnalının 2-ci sayında dərc ediləcək.

  Qəbul imtahanlarında gözlənilən yeniliklə bağlı “Şərq”ə danışan təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, bu il tarix və coğrafiya fənni üzrə qəbul imtahanı proqramında dəyişiklik ediləcək: 

- Bu fənlərin proqramlarına əlavələr var. Son iki ildə olduğu kimi tarix fənninə  Vətən müharibəsinə aid, Coğragiya fənninə isə  iqtisadi rayonların yeni bölgüsü ilə bağlı  mövzular da daxil ediləcək. 

Bu, mühüm hadisədir. Düzdür, bu mövzuların dərsliklərdə əksini tapması obyektiv səbəblərdən gecikə bilir. Yeni dərsliklərin istifadəyə verilməsinə vaxt tələb olunur. Ona görə də Dövlət İmtahan Mərkəzi Vətən müharibəsinə aid mövzuları “Abituriyent” 1, həmin mövzulara aid məqalələrin isə “Abituriyent” 2 jurnalında dərc edir. Müəllimlər, abituriyentlər DİM-in hər il nəşr olunan jurnallarında  bu yazılarla tanış olmalıdırlar. Qəbul imtahanlarında tarix və coğrafiya fənni üzrə test blokuna jurnalda olan məqalələr əsasında hazırlanmış test tapşırıqları da daxil edilir. 

Çox təəssüf ki, bir çox hallarda şagirdlərimiz ali müəssisələrinə qəbul imtahanlarında istifadə edilməyən dərslikləri, jurnalları o qədər də istifadə etmirlər. Bu məsələyə xüsusi diqqət etmək lazımdır. Düşünürəm ki, bu fənlərdən zəruri mövzuların salınması şagirdlərin öyrənmə marağını da artıracaq.