"Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını verən abituriyentlər pandemiya dövrünün şagirdləridirlər. Onlar IX sinifdə təhsil alanda koronavirus epidemiyası mövcud idi. Şübhəsiz, bu, imtahan nəticələrinə təsirsiz ötüşməyəcək".
Bunu "Sherg.az"a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
K.Əsədov buraxılış imtahanının çətinlik dərəcəsindən danışıb:
"Azərbaycan dili fənnindən mətn tipli blok suallar çox uzun idi. Şagirdlər mətni tam oxuya bilməyiblər.
Riyaziyyat fənnindən bir test tapşırığı ciddi mübahisə yaratdı. Şagirdlər həmin test tapşırığına görə vaxt itkisinə məruz qaldılar.
Xarici dil fənnindən isə dinləmə mətnində müəyyən problemləri gördük. Ciddi məsələdir, nəzərə alınmalıdır.
Orta məktəblərdə təhsil yüksək səviyyədə deyil, bütün sualları sadəcə yüksək hazırlıqlı abituriyentlər cavablamağı bacarır. Abituriyentlər buraxılış imtahanlarının nəticəsinə əsasən, ali təhsil müəssisələrinə, kolleclərə sənəd verəcəklər. Keçirilən imtahanı asan adlandırmaq olmaz, orta və çətin tipli suallar idi.
Növbəti imtahanlarda xüsusilə riyaziyyat fənni üzrə test tapşırıqlarına diqqət yetirmək lazımdır.
Birinci imtahanda 50 mindən çox şagird iştirak edib. Ötən illə müqayisədə ümumi nəticələrin az olması ehtimalı çoxdur".
Qeyd edək ki, martın 6-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılır.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur.