Buraxılış imtahanları ilə bağlı hər il narazılıq yaşanır

Bütün məktəblər ötən illərə nisbətən ümumi bal hesablamasında geriləyiblər

Repetitorluq institutunun inkişafında maraqlıyıqsa, heç olmasa, imtahan vaxtını artıraq


  Martın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumtəhsil müəssisələrinin məzunları üçün keçirilən buraxılış imtahanları abituriyentlər və repetitorlar tərəfindən böyük narazılıqla qarşılanıb. Həmin abituriyentlər və repetitorlar imtahan suallarının həddindən artıq qəliz olmasından şikayətləniblər.
  Xüsusən də, XI siniflər üçün keçirilən buraxılış imtahanından sonra sosial şəbəkədə riyaziyyat fənnindən paralelepipedlə bağlı sualın yanlış olduğu ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 12 mart 2023-cü il tarixində tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında riyaziyyat fənnindən qeyd edilən test tapşırığı ilə bağlı müraciət müvafiq fənnin ekspertləri tərəfindən araşdırılıb:
“Bununla əlaqədar olaraq bildiririk ki, şagirdlərə təqdim olunan yazılı cavab tələb edən açıq tipli bu tapşırıq qüvvədə olan təhsil proqramı və dərsliklərdə yer alan və tapşırıqda yoxlanılması nəzərdə tutulan biliklər əsasında elmi-metodiki qaydalara uyğun şəkildə hazırlanan meyarlar əsasında qiymətləndirilə biləcək bir tapşırıqdır. İmtahan iştirakçıları meyarlarla nəticələr elan olunanda tanış ola biləcəklər”.
  Təhsil eksperti  Tural Elmioğlu “Şərq”ə açıqlamasında  buraxılış imtahanları ilə bağlı narazılığın  hər il yaşandığını xatırladıb.  Halbuki buraxılış imtahanları ölkədə miqyasına və əhatə dairəsinə görə ən böyük imtahandır.  Ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün həlledici əhəmiyyət kəsb edir.
Eyni zamanda məhz bu imtahanların nəticələrinə uyğun 11-ci sinifdə oxuyan şagirdlər  imtahanda müvafiq balı yığarsa, məzun olub, attestat ala biləcəklər. Qabiliyyət imtahanı tələb olunan ixtisasları seçən şagirdlərin  də bu imtahanda yığdıqları bal keçid bal kimi qəbul olunur.
Orta təhsil müəssisəsinin rəhbəri olduğunu vurğulayan  T.Elmioğlu deyib ki, adından da göründüyü kimi, orta məktəblər  ümumi və ya tam təhsil verir, universitet təhsili yox: “Bəs niyə buraxılış və blok imtahanlarında mütəxəssislərin mübahisə etdiyi suallar düşür?
Heç kim DİM-in ədalətli və şəffaf olmasına şübhə etmir. Məsələ imtahanların nə qədər ölçücü olmasındadır:  Orta təhsildə standart, cümlə üzvləri ilə şagirdləri tanış etməkdir, “Mübtəda nədir?”, “Tamamlıq nədir?” suallarına şagird cavab versə, kifayətdir: “Əhməd dünən dostu ilə görüşdü” cümləsinin təhlili kifayətdir ki, şagirdin mövzunu mənimsəyib-mənimsəmədiyi ölçülsün. “Əhməd dünən dostu ilə görüşəndə qəfil yadına düşdü ki, Şahinə də məlumat verməyi unudub” (təsadüfi cümlədir) cümləsi mənim üçün asan ola bilər. Amma bu cümləni sintaktik təhlil edə bilməyən şagird biliksizdirmi? Nəzərə almırıq ki, bu uşaqların neçə faizi filoloq olacaq. Rahatca təklif edə bilərik ki, buraxılış və blok imtahanında Azərbaycan dilindən 100 faiz nəticə göstərən şagirdə elə indidən ali təhsilli filoloq diplomu verilsin.  Digər fənlər də onun kimi.
  Biz şagirdə 100 kiloqram yük verib deyirik ki, bunu 3 saat ərzində 5 kilometr daşı. Burada artıq iki problem var. Birincisi, yükün həcmi, ikincisi də vaxtın azlığı”.
  T.Elmioğlu hesab edir ki, 1-ci sinifdən məktəbi bitirənədək hər gün dərsdə olub, hər gün dərslərinə hazır gələn və bütün fənlərdən savadlı, bacarıqlı müəllimlər tərəfindən proqram üzrə dərs alan şagird repetitor yanında hazırlaşmasa, qəbul imtahanlarında ən yaxşı halda 400-450 bal toplaya bilər: “Hələ bu, ideal situasiyadır, gerçəklikdə əksərən belə olmur. Çünki buraxılış və qəbul testologiyası əslində orta məktəb imtahanlarından fərqlidir. O başqa məsələdir ki, biz məcburən özümüzü DİM-ə uyğunlaşdırırıq, çünki əsas sifarişçilər: valideyn, şagird və icra orqanları nəticəni buna əsasən ölçür”.
  Ekspertin sözlərinə görə, ildən-ilə imtahan sualları çətinləşdiyi üçün bütün məktəblər ötən illərə nisbətən ümumi bal hesablamasında geriləyiblər, sadəcə bal hesabında daha az geriləyən sıralamada irəliləyir: “Yaxşı, sualları ildən-ilə çətinləşdirməkdə, repetitorluq institutunun inkişafında maraqlıyıqsa, heç olmasa, imtahan vaxtını artıraq. Maraqlı deyiliksə, DİM-in ekspertlərinə yüksək maaş verilsin və repetitorluqla məşğul olmayacaqları barədə müqavilə bağlansın. Şagirdlər gələcəkdə onlara lazım olmayacaq materialları təfərrüatı ilə öyrənməyə –  Sizif əməyinə məcburdurlar. Uşaqları iyrəndirməyək – bu, pafos deyil, şagirdlərini, işini az-çox sevən insanın xahişidir”.