Hər il minlərlə abituriyent tələbə adını qazanmaq üçün qəbul imtahanlarında iştirak edir. Təbii ki, imtahan verənlərdən yalnız uğurlu nəticə göstərənlər tələbə adını qazana bilir. Lakin imtahan vermək hər şey demək deyil. Əsas məsələ müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin düzgün ixtisaslaşma etmələridir. Bu məqsədlə Dövlət İmtahan Mərkəzinin Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərsə də, onların sayı kifayət qədər deyil. Nəticədə düzgün seçim etməkdə çətinlik çətən abituriyentlər əksər hallarda özünü mütəxəssis kimi təqdim edən dələduzların toruna düşürlər.
Təəssüflər olsun ki, şirin vədlərə aldanan gənclər təkcə maddi itki ilə üzləşmirlər, həm də arzuladıqları universitetlərə qəbul şansını itirirlər.
Bəs, abituriyentlər düzgün seçim etmək üçün kimə müraciət etsinlər?
Sualarımızı cavablandıran təhsil eksperti Cahid İmanlı "Sherg.az"a söyləyib ki, düzgün ixtisaslaşma aparmaq üçün mütəxəsis dəstəyinə ehtiyac var:
''Bunun göstəricilərindən biri Dövlət İmtahan Mərkəzinin Abituriyent Məsləhət Mərkəzlərini açmasıdır. Artıq ölkədə bir çox məsləhət mərkəzləri mövcuddur. Lakin onların yanına getdikdən sonra, bizə müraciət edərək ərizəsini dəyişdirən insanların sayı da həddindən artıq çoxdur. Abituriyentlər ixtisas seçimi etdirmək istəyən zaman ucuz qiymətə aldanmasınlar. Çünki bəziləri mən daha ucuz qiymətə edərəm deyib insanları tora salırlar. Onun üçün işi peşəkara həvalə etmək daha məqsədəuyğundur. Ən azından televiziyada təhsil verilişində çıxış edənlərə müraciət etmək olar. Bu istiqamətdə ofis xidmətləri də fəaliyyət göstərir. Burada uşaqların sayı çox olduğu üçün yetərincə vaxt ayıra bilmirlər. Əsas nöqsanlardan biri ixtisaslaşmaya daha az vaxt ayırılmasıdır. Bu sahədə bəziləri az vaxt sərf edərək daha çox pul qazanmaq istəyir''.
Ekspert vurğulayıb ki, ixtisas seçimini 10 dəqiqəyə edənlər də var:
''Təbii ki, bu vaxt ərzində abituriyyentin, valideynin istəklərini, onun hara düşə biləcəyini proqnoz etmək mümkün deyil. Bu prossesi abituriyentin özünün icra edə bilməsinə gəlincə isə təhsil üzrə mütəxəsislər ixtisasın parolunu güclə yadda saxlayır və 50 faiz gəncin bundan heç bir anlayışı yoxdur. Həmçinin, onlar ixtisasların perspektivlərini də bilmirlər. Abituriyyentin marağında olan tək nüans universitetin harada yerləşməsi, qiyabi və yaxud əyani olmasıdır".