ABŞ təkzib etdi: Saakaşvili müzakirə edilməyib!

Senator Cin Şahin və konqresmen Mayk Törnerin Gürcüstana son səfəri zamanı Saakaşvili məsələsi müzakirə olunmayıb.

Axar.az xəbər verir ki, bu fikirləri ABŞ-ın Gürcüstandakı səfirliyi bildirib.

“Nə dezinformasiya, nə də spekulyasiya fikir ayrılıqlarını həll edə bilər. Senator Şahin və konqresmen Törnerin son səfəri zamanı Saakaşvili müzakirə mövzusu deyildi. Müzakirə mövzusu ondan ibarət idi ki, ABŞ Gürcüstanla yaxşı münasibətlər qurmaq istəyir və yenidən yola qayıtmaq üçün ilk addımı Gürcüstan hökuməti atmalıdır. Biz onların təklifini gözləyirik”, - məlumatda bildirilib.

Qeyd edək ki, ötən həftə Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili amerikalıların onu xatırladıqlarını və ABŞ Dövlət Departamentinin Tiflisə onun azadlığa buraxılmasını xahiş edən məktub göndərdiyini demişdi.