Sosial şəbəkələr üzərindən 30-45 yaşlı qadınların xaricdə yaşaması üçün saxta evlilik təklif edilir.
"Sherg.az" bu barədə "Xəzər TV"yə istinadən xəbər verir.
Məlumata görə, son vaxtlar Avropada saxta evlilik edən şəxslər peyda olub. Sosial şəbəkələrdə belə paylaşımlar edən şəxs bunun qarşılığında isə 20 min avro istəyir. Özü bu işin qanunsuz olduğunu etiraf etsə də, müraciət edənin çox olduğunu deyir. Bu işlə məşğul olan şəxs iddia edir ki, artıq bir neçə vətəndaşı bu üsulla Belçikaya gətirib. Müştərilərini isə “facebook” və digər sosial şəbəkələr üzərindən tapır. Hüquqşünasların sözlərinə görə, saxta nikaha girənlərin hüquqi məsuliyyəti var. Hüquqşünas Xəyal Bəşirov vətəndaşlara bu kimi təkliflərə inanmamağı tövsiyə edir.
"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda saxta evliliklə xaricə üz tutmaq niyyətində olan xeyli insanlar var:
''Xaricdə yaşamaq istəyən birinin çox ciddi əsasları olmalıdır. Əks halda, istənilən xarici ölkədə müvəqqəti yaşamaq icazəsini almaq olduqca çətindir. Ona görə də saxta evlilik ən rahat üsullardan biridir. Miqrasiya templərinin dinamikasının yüksək olduğu hər bir dövrdə saxta evliliklə xaricdə məskunlaşmaq istəyən şəxslər olub. Sadəcə olaraq bəzi şirkətlər və vasitəçi qismində iştirak edənlər bundan maksimum yararlanmağa çalışırlar. Onlar bunun üçün müəyyən xidmətlər də təklif edirlər. Məsələn, bu yaxınlarda Rusiyada saxta evliliklə bağlı bir neçə fakt aşkalanıb. Həmin nikahı bağlayan şəxslər həbs olunaraq nikah ləğv edildi. Hətta, həmin adamlar yüksək məbləğdə cərimələnərək ölkə ərazisindən deportasiya olundular. Yəni, saxta evliliklə xaricdə yaşamaq arzusunda olanlar yaddan çıxarmasınlar ki, saxta evlilik gec-tez ortaya çıxır və onları daha ağır cəzalar gözləyir. Bu isə hər bir ölkədəki qanunvericilikdən asılı olaraq dəyişir. Saxta evliliyi təşkil edən vasitəçi şirkətlər prossesin çox rahat olacağını fərz edirlərsə, yanlış düşünürlər''.
A Allahverənov qeyd edib ki, Almaniyada saxta evliliklə bağlı sərt sanksiyalar mövcuddur:
''Doğrudur, 90-cı illərdə Almaniyaya saxta evliliklə gedib məskunlaşanlar var idi. Amma 2000-ci illərdən etibarən Almaniya höküməti bir sıra qaydalar formalaşdırdılar. Hətta, hər il nikaha daxil olanlar üçün məhkəmə keçirilir və cütlüklərdən ifadə alınır. Hansısa şübhəli durum qeydə alındığı təqdirdə isə həmin evliliyə son qoyulur. İnsanlara tövsiyyə edərdim ki, sizə uğurlu hekayələr danışsalar və xəyallar torpağında hansısa formada inandırmağa çalışsalar belə boş vədlərə inanmayın. Çünki bu xidmətləri göstərən şəxslərin özləri xaricdə yaşayır. Azərbaycanda yaşamayan birini isə hüquqi məsuliyyətə cəlb etmək olduqca çətindir".