"Bunun da günahkarı ilk növbədə təhsili idarə edənlərdir. Çox bərbad günə salıblar"
"Mənasız yerə, qəsdən yerləri boşaltmaq üçün, 55-60 yaşında müəllimləri imtahana cəlb edirlər. Bugün sertifikasiya imtahanına cəlb etsələr, mən də keçə bilmərəm"
"Hər dəfə Naxçıvana gedəndə birinci növbədə ibtidai sinif müəllimimlə görüşürəm, onu ziyarət edirəm. Bunu özümə borc bilirəm".
"Sherg.az"ın xəbərinə görə, bunu millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.
Deputat bildirib ki, müəllimin nüfuzu qalxmayan cəmiyyətdə mütləq bayağı toy müğənnilərinin, mankenlərin nüfuzu artacaq:
"Cəmiyyət belə inkişaf edə bilməz. Harada müəllimin əlindən öpürlər, onun qarşısında səcdə edirlər, o cəmiyyət böyüyəcək. Bizim cəmiyyət hələ böyüməyə hazır deyil. Çünki müəllimi çox aşağı salmışıq. Bunun da günahkarı ilk növbədə təhsili idarə edənlərdir. Çox bərbad günə salıblar. Buna qarşı bütün platformalarda açıq sözümüzü deyirik. Müəllimə yaxşı maaş vermək lazımdır. Ac müəllim heç vaxt yaxşı dərs deyə bilməz. Müəllimi repetirorluq əzabından qurtarmalıyıq. Müəllim evində istirahət etməli, enerji yığmalı və təzədən sinifə qayıdıb dərs deməlidir. Saatlarla evində dərs deyən müəllim sinifə qayıdanda dərs deyə bilməz. Müəllimlər yüksək əməkhaqqı almalı, öz enerjisini məktəbə, sinifə sərf etməlidir. Uşaqlar siniflərdə yetişməlidir. Nədir bu sertifikasiya? Mənasız yerə, qəsdən yerləri boşaltmaq üçün, 55-60 yaşında müəllimləri imtahana cəlb edirlər".
Fazil Mustafa vurğulayıb ki, yaşlı müəllimlərin əsas dəyəri təcrübədir:
"Mən Azərbaycanın ən yüksək vəzifələrində işləmiş hüquqşünaslarından biri olmuşam, universiteti yüksək səviyyədə bitirmişəm. Bugün sertifikasiya imtahanına cəlb etsələr, mən də keçə bilmərəm. İllər keçib, müəyyən şeyləri unutmuşam. Amma təcrübəm imkan verir ki, savadlı hüquqşünasın həll edə bilmədiyi hansısa kazusu həll edim. Demək istədiyim odur ki, müəllim təkcə bilik deyil, müəllim təcrübədir, psixoloqdur, uşaqla davranış qaydalarını bilən şəxsiyyətdir. Müəllimin təcrübəsini bir tərəfə qoyuruq, mexaniki bal üzərindən onun qiymətləndirməsini veririk və 30-40 illik əməyini sıfırlayırıq. Sonra da müəllim cəmiyyət arasına, şagirdin qarşısına çıxanda utanır. Müəllimi imtahan etmək nə deməkdir? Bu, müəllimi aşağılamağın yeni formasıdır. Təbii ki, cavan kadrların təyinatı önəmlidir, amma bunun başqa metodu tapılmalıdır. Yaşlı, təcrübəli müəllimi sıradan çıxarmaqla bunu etmək olmaz".